Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xarici işlər nazirləri şurasının növbəti toplantısı iyulun 15-də Çinin Tiencin şəhərində keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə hazırda təşkilata sədrlik edən Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici siyasət idarələrinin, habelə ŞƏT-in daimi qurumlarının rəhbərlərinin qatılacağı toplantıda qurum çərçivəsində əməkdaşlıq məsələləri, habelə beynəlxalq və regional mövzular müzakirə olunacaq.
ŞƏT xarici işlər nazirləri şurasının toplantısı həm də təşkilatın 31 avqust-1 sentyabr tarixlərində Tiencində keçiriləcək 25-ci sammitinə hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, ötən ilin iyulunda Astanada keçirilmiş Zirvə toplantısından sonra təşkilata sədrlik rotasiya qaydasında bir il müddətinə Çinə keçib.
Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarus), 2 müşahidəçisi (Əfqanıstan və Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.