Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

A- A A+

Hindistanın qərbindəki Qucarat ştatında körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb.

NUHÇIXAN Hindistan mediasına istinadla xəbər verir ki, hadisə iyulun 11-də ştatın Vadodara rayonunda baş verib. Mahisaqar çayının üzərindəki 900 metr uzunluğunda körpünün iki dayağı arasında olan hissəsi dağılıb. Nəticədə 7 avtomobil çaya düşüb. Axtarış-xilasetmə işlərinin gedişində 20 meyit tapılıb. Hazırda axtarış işləri davam edir. Çaya düşən avtomobillərdəki adamların sayı dəqiq bilinməsə də, ən azı 2 nəfər itkin sayılır.

Körpünün çökməsinin səbəbi aydınlaşdırılır. Bununla belə yerli hökumət hadisə ilə əlaqədar 4 mühəndisi işdən müvəqqəti kənarlaşdırıb.

Ştatın birinci naziri Bhupendra Patel hadisəyə dair 30 gün ərzində detallı hesabat açıqlanacağını bildirib.

Qeyd edək ki, sözügedən körpü 1985-ci ildə inşa edilib. Mumbay-Əhmədabad magistral yolunda ödənişdən yayınmağa çalışan ağır yük avtomobilləri Vadodara və Anand rayonlarını birləşdirən yoldan istifadə edirlər. Bu da öz növbəsində yolun və onun üzərindəki körpülərin yüklənməsinə səbəb olub.

Ümumiyyətlə, Hindistanda keyfiyyətsiz və tələm-tələsik inşaat işləri tez-tez faciəli hadisələrə səbəb olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: