Ermənistanda hökumətin struktur islahatları nəticəsində 10 min nəfər dövlət qulluqçusu işsiz qalacaq.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, Paşinyan hökumətinin “hökumət strukturlarının optimallaşdırılması” adı altında həyata keçirdiyi islahatlar çərçivəsində nazirlik və idarələrdə geniş ixtisarlar nəzərdə tutulur. Belə ki, hazırda fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si qalacaq.
Əhali arasında narazılığın artdığını görən Ermənistanın iqtisadi inkişaf və sərmayələr naziri Tiqran Xaçatryan parlamentdəki çıxışında bildirib ki, hökumət hələ bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib. Onun sözlərinə görə, ixtisar ediləcək dövlət qulluqçularının sayı isə “sonrakı məsələdir”.
Ermənistan parlamentinin insan hüquqları və ictimai məsələlər komissiyasının sədri Naira Zoqrabyan bəyan edib ki, hökumətin iddia etdiyi kimi, 10 min insanın işsiz qalmasını ölkə maraqları ilə izah etmək ağlasığmazdır. “Mən heç cür anlaya bilmirəm ki, işsizliyin artması ölkə maraqlarına necə uyğun gələ bilər. Hökumət bu iddiasını cəmiyyətə izah etməlidir”, -deyə deputat vurğulayıb.