İsveçin “Volvo Cars” avtokonserni elan edib ki, 2020-ci ildən etibarən istehsal etdiyi bütün avtomobillərin maksimal sürətini saatda 180 kilometrə qədər məhdudlaşdıracaq.
NUHÇIXAN bunu “Volvo Cars”ın yaydığı xüsusi məlumata istinadla bildirir.
Konsernin icraçı direktoru Hokan Samuelsson deyib: “Avtomobilin saatda 180 kilometr sürətlə hərəkət etməsi üçün heç bir səbəb yoxdur. Bu, ən azı “Volvo”ya lazım deyil. Biz insan həyatını xilas etmək üçün 2020-ci ildən sürətə məhdudiyyətlər qoyacağıq. Bu, həm də belə bir mövzuda diskussiyanı aktual edir: avtomobilləri daha təhlükəsiz etmək üçün yeni texnologiyalardan necə istifadə edə bilərik?”.
Sürətə daha sərt məhdudiyyətin tətbiqi “Vision 2020” strategiyasının tərkib hissəsidir. Bu strategiya zəmanət verir ki, 2020-ci ildən etibarən heç bir “Volvo Cars” sərnişini yol-nəqliyyat hadisəsi zamanı ciddi və ölümcül xəsarət almayacaq.
Sürət məhdudiyyətləri fərdi avtomobillərdə quraşdırılacaq. Şirkətdən bildiriblər ki, polis və digər xidmətlər üçün istisnalar edilə bilər.