Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, İrəvanın Ankara ilə barışmaqdan başqa alternativi yoxdur.
NUHÇIXAN-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, Paşinyan bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Əgər Ermənistan Türkiyə ilə barışığa getməsə, hansı alternativlər var?", - Baş nazir deyib.
Paşinyan, həmçinin İrəvan-Ankara münasibətlərinin normallaşmasından narazı olan Ermənistan vətəndaşlarının nəyə ümid etdiklərini soruşub.
"Onlar demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə müharibə yolu ilə getməliyik? Siz ümumiyyətlə nə danışdığınızı başa düşürsünüz?", - baş nazir soruşub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə toxunan Paşinyan onda müsbət təəssüratların yarandığını qeyd edib.
"Mən Türkiyəyə Ermənistan-Türkiyə gündəliyi ilə deyil, Ermənistan-Türkiyə münasibətlərinin gündəliyi ilə getdim. Bu, çox vacib bir nüansdır. Əlbəttə, dəvətə və səmimi, açıq söhbətə görə Türkiyə Prezidentinə təşəkkür etdim. Biz bütün məsələləri müzakirə etdik: kommunikasiyaların açılması, münasibətlərin qurulması, müxtəlif sahələrdə mümkün əməkdaşlıq, tarixi Ani körpüsünün bərpası və digər məsələlər. Ümumi təəssüratlarım müsbətdir, bu görüş haqqında heç bir mənfi nüansı qeyd edə bilmərəm", - Baş nazir vurğulayıb.