Avropa Komissiyası Türkiyə vətəndaşları üçün Şengen vizasının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı yeni sənəd hazırlayaraq üzv ölkələrə göndərib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.
Qeyd edilib ki, buna dair sənəddə xüsusilə daha əvvəl viza almış, səfərlərini qaydalara uyğun şəkildə etmiş və Türkiyəyə geri dönmüş, yəni miqrasiya və təhlükəsizlik riski yaratmayan vətəndaşlara ikinci müraciətlərindən başlayaraq əvvəl 6 ayadək, sonra 1 il, ardınca 2 il, daha sonra isə 3 və 5 il müddətində çoxgirişli və uzunmüddətli vizaların verilməsi imkanı tətbiq olunacaq.
Nazir Bolat bu mərhələdən sonra artıq Şengen zonasına daxil olan 25 ölkənin səfirlik və konsulluqlarının hansısa bir bəhanəsinin qalmadığını da əlavə edib. Belə ki, son illər Türkiyə vətəndaşları Şengen vizasının alınmasında uzun növbələr və ya viza müraciətlərinin rədd edilməsi kimi mənfi hallarla qarşılaşıblar. O, bu problemləri Aİ çərçivəsində bütün platformalarda və üzv ölkələrlə ikitərəfli görüşlərdə daim gündəmə gətirdiklərini bildirib. Nazir 2023-cü ildən etibarən bununla bağlı fəaliyyətlərinin daha da intensivləşdiyini vurğulayıb.
Ömər Bolat bu prosesdən sonra ilk dəfə viza müraciəti edəcək şəxslər üçün də müvafiq addımların atılacağını, tələblərin irəli sürüləcəyini bildirərək, bu çərçivədə Türkiyə ilə Aİ arasında müsbət dialoqun davam edəcəyinə inamını ifadə edib.
“Gömrük Birliyinin genişləndirilməsi gözləyirik. Bu mövzuda Aİ Komissiyası artıq tövsiyə qərarını qəbul edib. Məsələ hazırda Aİ Nazirlər Şurasındadır. Oradan təsdiq verildiyi andan etibarən biz danışıqlara başlamağa hazırıq. Aİ Komissiyası da hazırdır”, - deyə nazir bildirib.