Çində əhalinin sürətlə qocalması “gümüş iqtisadiyyatı” hesabına kompensasiya edilir

A- A A+

Çində əhalinin qocalması prosesi ötən onilliyin əvvəllərində müzakirə olunmağa başlayıb, çünki, 2012-ci ildən etibarən ölkədə əmək qabiliyyətli əhalinin sayı azalır. O vaxtdan bu tendensiya getdikcə güclənir. Əgər XXI əsrin əvvəllərində 60 yaşdan yuxarı əhali ölkə əhalisinin 10 faizini təşkil edirdisə, 2023-cü ilin sonuna bu göstərici 20 faizi ötüb, 2035-ci ilə qədər isə 30 faizə çata biləcəyi proqnozlaşdırılır.

Təqaüdçü ordusunun artması həm demoqrafik, həm də inzibati səbəblərə bağlıdır. Bir tərəfdən bu, ölkədə doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır. 2019-cu ildə doğum sayı psixoloji əhəmiyyətli sayılan 15 milyon nəfər həddindən aşağı düşdü, son illərdə isə ildə 10 milyondan az uşaq dünyaya gəlir.

Digər tərəfdən, əhalinin rifah səviyyəsinin artması və səhiyyə sisteminin səmərəliliyi nəticəsində Çində orta ömür uzunluğu davamlı olaraq artır. Bu günlərdə Vaşinqton Universitetinin tədqiqatçıları Çinin səhiyyə sistemini dünyanın ən səmərəli sistemi adlandırıblar.

NUHÇIXAN xəbər verir ki, onlar 201 ölkəni əhatə edən “səhiyyə sistemlərinin qeyri-səmərəlilik indeksi”ni hesablayaraq belə nəticəyə gəliblər. Çin bu indeksdə yeganə ölkə olub ki, göstəricisi sıfıra bərabər çıxıb.

Bu indeks səhiyyəyə yatırılan investisiyaların cari səviyyədə səmərəli istifadəsi zamanı gözlənilən ömür uzunluğu ilə real orta ömür uzunluğu arasındakı fərq əsasında hesablanır. “Çin üçün sıfır göstərici o deməkdir ki, səhiyyəyə qoyulan sərmayələr maksimum effektivliklə ömür uzunluğunun artımına çevrilir”, – deyə, tədqiqat müəllifləri vurğulayıblar.

Bu sayəsində 2024-cü ilin yekunlarına görə Çində orta ömür uzunluğu 79 ilə çatıb, bəzi beş vilayətdə 80 ili keçib. Son 40 ildə ölkədə orta ömür uzunluğu 11 il artıb.

Bununla belə, ölkədə pensiya yaşı uzun müddət artırılmayıb. Pensiya yaşının tədricən artırılması islahatı yalnız cari ildə başlanıb.

Hökumət nümayəndələri başa düşürlər ki, pensiyaçıların sayının artması büdcəni yükləyə və daxili bazarda tələbin azalmasına səbəb ola bilər. Çünki yaşlı nəsil yüksək istehlak fəallığı ilə fərqlənmir.

Bu risklərin qarşısını almaq üçün yaşlıların milli təsərrüfat sisteminə fəal cəlb olunması qərara alınıb, əsas prioritet isə “gümüş iqtisadiyyatı”nın inkişafına verilib. 2025-ci il üçün hökumət fəaliyyət planında “əhalinin qocalmasına cavab verən fəal tədbirlərin görülməsi, ləyaqətli qocalığın təmin olunması və bu sahə ilə bağlı sənayenin inkişaf etdirilməsi üçün tədbir və mexanizmlərin təkmilləşdirilməsi, “gümüş iqtisadiyyat”ın fəal inkişaf etdirilməsi” nəzərdə tutulub.

Çin parlamentinin nümayəndələri bildirirlər ki, “gümüş iqtisadiyyat”ın stimullaşdırılması prinsipləri və tədbirləri 2026–2030-cu illəri əhatə edəcək XV beşillik planda və onunla bağlı sənədlərdə daha da konkretləşdiriləcək. Bu sənədlərin gələn il qəbul ediləcəyi gözlənilir.

Proqnozlara görə, 2035-ci ilə qədər Çində “gümüş iqtisadiyyat” ÜDM-in 9,5 faizini təşkil edəcək. Bu isə əhalinin qocalmasının milli iqtisadiyyat üçün ağır yükə çevrilməsinin qarşısını alacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: