Süni intellekt xroniki yorğunluq sindromunu yüksək dəqiqliklə müəyyən edən test yaratmağa kömək edib
Bioloqlar xroniki yorğunluq sindromu (XYS) daşıyıcıları üzərində aparılan müşahidələr zamanı toplanmış məlumatları təhlil etmək üçün süni intellekt sistemi hazırlayıblar. Bu sistem immunitet, mikroflora və maddələr mübadiləsi ilə bağlı əvvəllər məlum olmayan biomarkeri aşkar etməyə imkan verib. Bu biomarkerlərin birgə analizi xəstəlik daşıyıcılarını 80–90% ehtimalla müəyyən etməyə imkan verir.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-ın Cekson laboratoriyasının (JAX) mətbuat xidməti məlumat yayıb.
"Bizim araşdırmamız çərçivəsində xroniki yorğunluq sindromunun daşıyıcılarını 90 faiz dəqiqliklə müəyyən etmək mümkün oldu. Bu, tibbi praktika baxımından çox vacibdir. Çünki bu xəstəliyin müəyyən edilməsi üçün həkimlərin hələ də etibarlı alətləri yoxdur. Hətta bəzi həkimlər bu sindromun mövcudluğuna şübhə ilə yanaşır, çünki əvvəllər onun konkret biomarker dəsti yox idi", – deyə professor Dərya Unutmaz bildirib.
Unutmaz və həmkarları dörd il ərzində xroniki yorğunluq sindromu olan on beş nəfərin və yaş və cins baxımından onlara uyğun sağlam könüllülərin sağlıq vəziyyətini araşdırıblar. Bu müddət ərzində onlar mütəmadi olaraq mikroflora, qan və digər bioloji mayelərdən nümunələr toplayıb, xəstəlik simptomlarının dəyişimi, həyat tərzi və digər potensial təsiredici amilləri izləyiblər.
Bu tibbi və sosial məlumatların təhlili üçün tədqiqatçılar dərin neyron şəbəkələrə əsaslanan ixtisaslaşmış süni intellekt sistemi hazırlayıblar. Bu sistem yalnız XYS daşıyıcılarını müəyyən etməklə kifayətlənmir, həm də verdiyi qərarların məntiqini izah edə bilir. Bu maşın öyrənmə sisteminin tətbiqi sayəsində alimlər XYS-nin inkişafı və onun ayrı-ayrı aspektləri ilə bağlı əvvəllər məlum olmayan onlarla biomarkeri aşkar ediblər.
Məsələn, alimlər B və T hüceyrələrinin bəzi alt növlərinin fəaliyyətində pozuntuların sindromun yaranması ilə əlaqəli olduğunu müəyyən ediblər. Bundan əlavə, əvvəllər diabet və piylənmə ilə əlaqələndirilən “Dysosmobacteria welbionis” bakteriyalarının XYS daşıyıcılarında yuxu pozuntularına səbəb olduğu məlum olub. “Faecalibacterium prausnitzii” bakteriyası və immunitetin tərkib hissəsi olan bəzi dendritik hüceyrələr isə ağrı hisslərinin güclənməsi ilə əlaqələndirilib.
Alimlər bu biomarker dəstinə əsaslanaraq XYS-ni müəyyən etmək üçün alqoritm hazırlayıblar və onu digər pasiyentlər üzərində aparılmış müşahidələrdən əldə edilmiş məlumatlar üzərində sınaqdan keçiriblər. Nəticədə sistem, ölçülən biomarker dəstlərində ciddi fərqlərə baxmayaraq, xəstəlik daşıyıcılarının təxminən 80 faizini düzgün müəyyən edib. Alimlərin fikrincə, bu yanaşma gələcəkdə XYS-nin erkən aşkarlanmasına və onun müalicə üsullarının tapılmasına şərait yaradacaq.