2100-cü ilə qədər demək olar ki, bir milyard insan kəskin şirin su çatışmazlığı ilə üzləşəcək. Səbəb planetin ən böyük çaylarının dayazlaşmasıdır. Yüz milyonlarla insanın sağ qalması bundan asılıdır. ABŞ-ın Şimal-Şərqi Universitetinin bir qrup alimi ən son iqlim modellərindən istifadə edərək belə nəticəyə gəlib.
NUHÇIXAN xarici mətbuata istinadla xəbər verir ki, XXI əsrin sonunadək dünyada təxminən 850 milyon insan çay axınının azalması səbəbindən kəskin şirin su çatışmazlığı ilə üzləşə bilər. Bu, beynəlxalq alimlər qrupunun həyəcanverici proqnozudur. Onların Şimal-Şərq Universiteti (ABŞ) bazasında apardıqları tədqiqatın nəticələri “Climate and Atmospheric Science” jurnalında dərc olunub.
Elmi işdə quruda, atmosferdə və okeanlarda mürəkkəb fiziki prosesləri nəzərə alan və yüksək məkan ayırdetmə qabiliyyəti ilə işləyən (əvvəlki nəsildə 500 km əvəzinə 100 km) ən qabaqcıl iqlim modellərindən biri - CMIP6 istifadə edilib. Alimlər Amazon, Qanq, Nil, Konqo və Brahmaputra da daxil olmaqla dünyanın 30 ən böyük çay hövzəsinin su ehtiyatlarının gələcəyini modelləşdiriblər.
Nəticələrə görə, bu hövzələrin 40 faizində çay axınının həcmi yarıya qədər azala bilər ki, bu da əhalinin su ilə təminatını əhəmiyyətli dərəcədə pisləşdirəcək. Belə bir kəsir təxminən 850 milyon insana təsir edəcək – bu, əvvəlki hesablamalardan üç dəfə çoxdur.
Tədqiqatçılar vurğulayırlar ki, çay axını içməli su ilə təminat, su elektrik stansiyalarının istismarı və kənd təsərrüfatı torpaqlarının suvarılmasında əsas rol oynayır. Hətta həcmlərin cüzi azalması belə ciddi sosial və iqtisadi nəticələrə səbəb ola bilər.
Alimlər həmçinin, ən pisdən başlayaraq ən ekoloji cəhətdən əlverişli olana qədər beş fərqli iqlim ssenarisini modelləşdiriblər. Emissiyaların radikal şəkildə azaldılması və iqtisadiyyatın “yaşıllaşdırılması” şəraitində su qıtlığı yaşayan insanların sayı 500 milyona qədər azala bilər, lakin bu halda belə, təhlükə yüksək olaraq qalır.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, onların işi siyasətçilərə və su resurslarının idarə edilməsi üzrə mütəxəssislərə iqlim dəyişikliyinin mümkün nəticələrinə əvvəlcədən hazırlaşmaq və əsaslandırılmış qərarlar qəbul etməkdə kömək etməlidir. Onlar həmçinin gələcək su böhranını yumşaltmaq üçün istixana qazLARı emissiyalarının azaldılması üzrə işi sürətləndirməyə çağırırlar.