İstanbulun ən yüksək təpəsi olan Çamlıcada 2013-cü ilindən inşasına başlanılan Çamlıca məscid kompleksi istifadəyə verilib.
NUHÇIXAN xəbər verir ki, eyni vaxtda 63 min insanın ibadət edəcəyi, Türkiyənin ən böyük məscidi olan Çamlıcada bu gün ilk azan oxunub və ilk namaz qılınıb.
Kompleksdə məscidlə yanaşı, 11 min kvadratmetrlik muzey, 3 min 500 kvadratmetrlik sənət qalereyası, səkkiz sənət atelyesi, 3 min kvadratmetrlik kitabxana, min nəfərlik konfrans salonu da yer alır.
İstanbulun simvollarından biri olacaq kompleks Osmanlı-Səlçuklu memarlıq tərzində inşa edilib. Altıminarəli məscidin Malazgirt zəfəri şərəfinə ucaldılan dörd minarəsi 107,1 metr, digər ikisi isə 90 metr hündürlüyündədir. Məscidə 17 min kvadratmetrlik xüsusi hazırlanmış xalı döşənib. Məscidin 5 metr eni, 6,5 metr hündürlüyü və 6 ton ağırlığı olan əsas qapısı türk taxta-əl işi sənətinin ən gözəl nümunələrindən biri - kündekari işçilik adlandırılan mismarsız sistemlə hazırlanıb.
Məscidin açılış mərasimində İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd Binali Yıldırım iştirak edib.