İsrailin Milli Təhlükəsizlik Şurası (MTŞ) ölkə vətəndaşlarına Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səyahət xəbərdarlığını gücləndirib və İranla əlaqəli olan qruplar da daxil olmaqla terrorçuların israillilərə qarşı yüksək hücum riski barədə mesaj yayıb.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, MTŞ-nin cümə axşamı verdiyi açıqlamaya görə, təhdidlərin artması İsrailin İran və Qəzza zolağında son hərbi əməliyyatlarından sonra hücum ehtimalının çoxalması, həmçinin bölgədə Fələstini dəstəkləyən əhvali-ruhiyyənin güclənməsi ilə bağlıdır.
Yenilənmiş tövsiyəyə əsasən, İsrail BƏƏ üçün “üçüncü səviyyə” xəbərdarlığını davam etdirir, insanları qeyri-vacib səyahətlərdən çəkinməyə və bu ölkəyə səfər planlarını ciddi şəkildə nəzərdən keçirməyə çağırır.
MTŞ yəhudi bayramları və şənbə günlərində BƏƏ-də İsrailin və yəhudilərin hədəf alınması halları ilə bağlı xüsusi narahatlıq ifadə edib.
Bəyanatda deyilir: “HƏMAS, “Hizbullah” və İranın tərəfdarları da daxil olmaqla, bəzi təşkilatların artan fəallıq əlamətləri fonunda region ölkələrində israillilərə qarşı ciddi hücum riski var”.
Eyni zamanda, İsrailin Əbu-Dabidəki səfirliyinin qismən boşaldılması barədə qərar qəbul edilib. İşçilərin əksəriyyəti diplomatik missiyanı tərk edəcək, qalanlar isə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında çalışacaqlar.
İsrail rəsmiləri keçmiş təcrübələrə əsasən vurğulayırlar ki, terror təşkilatları tez-tez İsrailin qonşu olduğu, israillilərin yaşadığı və yəhudi təşkilatlarının fəal olduğu ölkələri hədəf alır. 2020-ci ildə İsrail ilə BƏƏ arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Sazişləri”nin imzalanmasından sonra ikitərəfli əlaqələr xeyli yaxşılaşıb. Bununla belə, 2023-cü ilin noyabrında BƏƏ-də terror aktı kimi qəbul edilən “Çabad” nümayəndəsi Zvi Koqanın öldürülməsi kimi hadisələr regionda israillilərin təhlükəsizliyinə diqqətin artmasına səbəb olub.
2024-cü ilin yazında bu iş üzrə üç müttəhim Əbu-Dabi Apellyasiya Məhkəməsinin qərarı ilə ölüm cəzasına məhkum edilib.