Erməni ictimaiyyəti mayın 8-də Nikol Paşinyanın Ermənistanın baş naziri təyin olunmasının ilk ildönümünü qeyd edəcək. Paşinyan bir il ərzində siyasi opponentlərinin bir hissəsini meydandan çıxardı, yeni hökumət üçün zəruri olan “qeyri-adi” parlament seçkiləri keçirdi, deputat yerlərinin mütləq əksəriyyətini öz yaxınlarına verdi. Ancaq Paşinyanın göstərdiyi fəaliyyət nəticəsində daxili və xarici siyasət sonuna doğru gedir.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Ermənistanın “Armeniareport” siyasi analitik saytında yer alıb. Sayt, həmçinin xatırladır ki, N.Paşinyan iqtidara gəldiyi zaman iqtisadi rəqabətin təmin olunması, inhisarla mübarizə, dövlət gəlirlərinin və məşğulluğun artırılması, yoxsulluğun aradan qaldırılması, kənd təsərrüfatı və turizm sahələrini inkişafı ilə bağlı proqram qəbul etmişdi. Ancaq bütün bunlar yalnız kağız üzərində gözəl görünür, çünki hakimiyyət hələ bu proqramın praktiki olaraq həyata keçirilməsinə başlamayıb. Paşinyan və komandası ölkədə ictimai-siyasi vəziyyəti sabitləşdirmək, iqtisadiyyatı canlandırmaq və Ermənistanın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün ciddi addım atmayıb.
Ölkənin valyuta ehtiyatlarının sürətlə azaldığına diqqət çəkən sayt yazır: rəsmi statistikaya görə, ötən ay Mərkəzi Bankın valyuta ehtiyatları 255 milyon dollar və ya 11 faiz azalıb. Ekspertlərin fikrincə, bu, gözlənilən idi. Çünki Paşinyan əhaliyə çox şey vəd etdi. Ancaq vədlər reallaşmadı. Məsələn, dövlət sektorunun əmək haqqının vaxtında verilməsi bağlı baş nazirin səsləndirdiyi fikirlər hələ də arzu olaraq qalır. Bundan başqa, ölkədə normal biznes mühitinin olmaması xarici investorları və erməni iş adamlarını Ermənistana sərmayə yatırmaqdan çəkindirir.
Paşinyan hökumətinin fəaliyyətsizliyi dərin böhrana doğru gedir. Buna görə də indi Ermənistanda başqa bir siyasi partlayış yarana bilər.