Müstəqillik əldə etdikdən sonra Ermənistanın xarici təhlükəsizlik sistemi ilk növbədə hərbi və diplomatik komponentlərə diqqət yetirməklə formalaşıb. Mövcud təhlükəsizlik sistemi faktiki olaraq 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra çökməyə başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər erməni “Hraparak” nəşrində yer alıb. Fikirlərin müəllifi isə hər zaman kilsənin dili ilə danışan erməni politoloq Tiqran Dumikyandır.
Yazıda xarici siyasətin əsas istiqamətinin Rusiya Federasiyası ilə qurulmasının strateji əhəmiyyətinə diqqət çəkilir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük və Rusiyanın Ermənistanda hərbi missiyasının olması, ATƏT-in Minsk Qrupu formatı təriflənir.
Ermənistanın diplomatik uğrsuzluqlarının səbəbkarı kimi məhz Nikol Paşinyan göstərilir. Hətta işğalçı orduda vəziyyətin Paşinyandan əvvəl daha yaxşı olduğu qeyd olunur.
“Yeni təyin olunmuş baş nazir Nikol Paşinyan ordunun köklü problemlərinə sistemli həll yolları təklif etmək əvəzinə, ordu quruculuğu sahəsində böyük xidmətləri və nüfuzu olan şəxsləri hədəfə alaraq, siyasi qisas yolunu seçdi. Diplomatik təcrid Ermənistan hakimiyyətinin KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı cinayət işi başlatması ilə daha da kəskinləşib. Daxildə hüquqi proses kimi təqdim olunsa da, xarici aləmdə müttəfiq struktura siyasi hücum kimi qəbul edilirdi. Nəticədə Ermənistan KTMT müttəfiqləri arasında təsir və inamını itirdi. 2020-ci ildə Azərbaycanın qələbəsi Ermənistan Respublikasının təhlükəsizliyinə cavabdeh olanlar üçün yenidən qiymətləndirmə və sistemli yenidənqurma üçün başlanğıc nöqtəsi olmalı idi. Lakin reallıq bunun tam əksini sübut etdi. Ermənistanın təhlükəsizlik siyasəti strateji əsas və hesablanmış tərəfdaşlıq sistemi olmadan qurulmağa başlandı. Bunun nəticəsində də təhlükəsizlik cəbhəsində yeni boşluqlar yaranmaqda davam edir. Ordunun modernləşdirilməsi yalnız yeni silahların tədarükü ilə məhdudlaşa bilməz, əgər onun effektiv istifadəsi üçün lazım olan döyüş qabiliyyəti yoxdursa. Son illər Aİ və ABŞ ilə dərinləşən əməkdaşlığa gəlincə, Ermənistana Qərbin dəstəyi, konkret təhlükəsizlik təminatları olmadan qurulur. Müşahidə missiyaları, yüksək səviyyəli görüşlər və maliyyə yardım paketləri, şübhəsiz ki, vacibdir. Lakin onların hərbi reallığa praktiki təsirləri məhduddur” – deyə Dumikyan bildirib.
Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən və varlığından narahatlığını ifadə edən erməni şərhçi, Ermənistanın real hərbi-siyasi müttəfiqlərsiz qalmaqda davam etdiyini qorxu ilə yazıb. Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsi təkcə yüksək peşəkarlıq və aydın strategiya deyil, həm də ardıcıllıq və güclü siyasi iradə tələb edir.
“Mövcud hakimiyyətin davam edən fəaliyyətsizliyi milli təhlükəsizlik böhranına çevrilir və Ermənistanın suveren mövcudluğunun əsaslarına təhlükə yaradır” – deyən Dumikyanın sözləri revanşist erməni lobbisi və kilsəsinin fikirləri ilə üst-üstə düşür.
Nəriman Nəcəfov