Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya son dərəcə nəzərəçarpan faydalar gətirəcək.
NUHÇIXAN xəbər verir ki, o, bunu “Fox news”a müsahibəsində bildirib.
"Bu saziş həyata keçirildikdən sonra İran Fars körfəzindən Qara dənizə qədər dəmiryol infrastrukturuna çıxış əldə edəcək. Rusiya və İran arasında dəmir yolu əlaqəsinin qurulması mümkün olacaq", - baş nazir qeyd edib.
Onun sözlərinə görə, bu sazişin iqtisadi tərəfinə diqqət yetirsək, təkcə Azərbaycan, Ermənistan, ABŞ və Türkiyə deyil, həm də Rusiya və İran "çox mühüm və əhəmiyyətli, faktiki olaraq misilsiz faydalar əldə edəcək".
"Buna görə də bu sazişi bütün ölkələrə, eləcə də bütün beynəlxalq ictimaiyyətə əhəmiyyətli fayda gətirə biləcək çox mühüm sənəd hesab edirəm", - o qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıblar. Bu sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır. Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.