Cənubi Qafqaz regionunun böyük potensialı var və bölgədəki siyasi sabitlik xalqların rifah halının yaxşılaşmasına xidmət edəcək.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyəyə səfərini dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, səfərin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşün əsas mövzuları ölkələr arasında regional və ikitərəfli əməkdaşlıq olub.
O deyib: "Regionumuz böyük potensiala malikdir və siyasi sabitlikdən sonra iqtisadi sabitlik və xalqın rifahı gəlir”.
Qeyd edib ki, Gürcüstan və Türkiyənin bir sıra məsələlərdə ortaq baxışa malik olması vacibdir.
"Görüşlər zamanı ailə dəyərlərinə də önəm verdik. Sonra iqtisadi və siyasi məsələlərə toxunduq, müxtəlif təşəbbüsləri müzakirə etdik. Türkiyə-Gürcüstan münasibətlərinin belə yüksək səviyyədə olması məni daha da həvəsləndirir", - deyə Kavelaşvili vurğulayıb.
Prezidentin sözlərinə görə, Gürcüstan da qonşu ölkələr kimi regionda uzunmüddətli sülhə nail olmağa çalışır: "Biz sülhü, ailə dəyərlərini, milli maraqları qorumuşuq, dost ölkəmizin hakimiyyət orqanları da eyni yanaşmalardan istifadə edirlər. Bu, mənə möhkəm zəmanət verir ki, uzunmüddətli prosesdə burada sülh və sabitlik olacaq”.
Gürcüstan Prezidenti deyib: "Kim olursa olsun, hamı - strateji tərəfdaş, dost ölkələr, bədxahlar bilməlidirlər ki, bu regionda münaqişə mümkün deyil, çünki bütün ölkələr bir-birinə çox güvənir".
Mixeil Kavelaşvili Türkiyə liderini sentyabrın 4-də Tbilisiyə səfərə və 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iki ölkə millisinin oyununu birlikdə izləməyə dəvət edib.
Qeyd edək ki, Gürcüstan və Türkiyə strateji tərəfdaşdırlar. Ölkələr arasında diplomatik əlaqələr 1992-ci il mayın 21-də qurulub. Dövlətlər ticarət, iqtisadiyyat, enerji, regional təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq edirlər.
Xətayi Əzizov