Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda yerləşən "Elastik" zavodunun barıt sexində baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
NUHÇIXAN Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regional əməliyyat qərargahının mətbuat xidməti məlumat yayıb.
"Dünən axşam və ötən gecə dağıntılar altından üç nəfər xilas edilib. Ölənlərin sayı 11 nəfərə çatıb", - məlumatda deyilir.
Hadisə nəticəsində 130 nəfər xəsarət alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib.
Hazırda partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Barıt sexində partlayışdan sonra yanğın baş verib. İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb. Müəssisənin yerləşdiyi Şilov rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.