Yaponiyanın müdafiə naziri Gen Nakatani bu gün Türkiyəyə səfəri çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) mümkün tədarükü barədə danışıqlar aparacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Al Arabiya” diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Yaponiya öz ordusunda pilotsuz sistemlərin istifadəsini genişləndirmək niyyətindədir.
"Səfər zamanı G.Nakatani “Turkish Aerospace Industries” (TUSAS), hərbi-dəniz tərsanələri və “Baykar” pilotsuz uçuş aparatları istehsalçısı daxil olmaqla Türkiyənin müdafiə müəssisələrini və obyektlərini ziyarət edəcək. Türkiyə artıq bir neçə ölkəyə pilotsuz uçuş aparatları tədarük edir, Yaponiya isə quru, hava və hərbi-dəniz qüvvələrində pilotsuz uçuş aparatlarının istifadəsini genişləndirməyə hazırlaşır. Tokio ən ehtimal olunan variantlar arasında Türkiyə istehsalı olan PUA-ları nəzərdən keçirir", - mənbə bildirib.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Ankarada G.Nakataninin Türkiyənin müdafiə naziri Yaşar Gülərlə görüşü başlayıb. Tərəflər müdafiə sənayesi və texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcək, həmçinin regional hadisələr barədə fikir mübadiləsi aparacaqlar.
Mənbə bildirir ki, iki ölkə silahlı qüvvələr arasında əlaqələri genişləndirməyi planlaşdırır. Yaponiyanın müdafiə naziri çərşənbə günü İstanbula da getməyi nəzərdə tutur.