Əldə edilən məlumata görə, Ermənistan ordusunda və ölkənin bütün hərbi sistemdə kütləvi ixtisarlar gedir.
NUHÇIXAN xəbər verir ki, “Hraparak” erməni nəşrində yer alan məlumatda son aylarda Ermənistan Müdafiə Nazirliyində və qurumun tabeliyindəki hərbi hissələrdə heç bir ciddi izahat verilmədən onlarla hərbi qulluqçunun ixtisar edildiyi bildirilir.
Erməni nəşri qeyd edir ki, hədəf əsasən attestasiyadan keçməyən, lakin cüzi maaşla işləməyə davam edən hərbi qulluqçulardır. Bütün bunlara baxmayaraq, orduda mülki şəxslərin sayı hərbçilərdən fərqli şəkildə artıb.
Məlumatda o da bildirilir ki, erməni hərbçilər bütün bunları ilk növbədə dövlətin maliyyəyə qənaət siyasəti və eyni zamanda əldə olunacaq Ermənistan-Azərbaycan sülhü ilə əlaqələndirirlər.