“Opel” 2028-ci ildən sonra da daxiliyanma mühərrikli avtomobillər istehsal edəcək

A- A A+

Almaniyanın nəhəng avtomobil istehsalçısı “Opel” sırf elektromobil istehsalına keçidlə bağlı əvvəlki planlarını dəyişib.

NUHÇIXAN “Bild” qəzetinə istinadla xəbər verir ki, şirkət 2028-ci ildən sonra da daxiliyanma mühərrikli modellər buraxacağını açıqlayıb.

“Opel” rəhbərliyi iki il əvvəl 2028-ci ildən Avropada yalnız elektrikli avtomobillər təklif edəcəyini bildirmişdi. Lakin elektromobillərə tələbatın gözlənildiyi qədər artmaması bu qərarın dəyişdirilməsinə səbəb olub. Şirkət bu ildən, eləcə də 2028-ci ildən sonra “Astra”, “Corsa”, həmçinin “Grandland” və “Frontera” kimi SUV modellərini benzin mühərrikli variantlarda təqdim edəcək. Kiçik modellər əlavə olaraq, yalnız daxiliyanma mühərrikli olmaqla 130 at gücündə benzin və ya dizel versiyasında, böyük avtomobillər isə hibrid variantlarda istehsal olunacaq.

Qeyd edək ki, “Opel”in ana şirkəti “Stellantis” iki il əvvəl Kaiserslautern şəhərində ildə 600 min avtomobil üçün batareya istehsalını nəzərdə tutan zavodun inşasını planlaşdırsa da, ötən il layihə dayandırılıb. Zavodun gələcəyi barədə qərarın bu ilin sonunadək veriləcəyi bildirilir.

2027-ci ildə yeni “Corsa”, 2028-ci ildən sonra isə yeni “Astra” bazara çıxacaq. Planlara əsasən, onlar yalnız akkumulyatorlu avtomobil kimi nəzərdə tutulmuşdu. Amma “Opel”in benzinli mühərriklərə yenidən üz tutması ilə birlikdə bu modellər də daxiliyanma mühərrikli versiyada təklif olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: