Silahlanma yarışında müdafiə sənayelərini və silah parkını genişləndirən ölkələrin nüvə silahı arzulaması vəziyyəti daha da gərginləşdirir. Nüvə silahına sahib 9 dövlətin hamısı-ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail intensiv nüvə təkmilləşdirmə proqramlarını davam etdirərək yeni versiyalar əlavə ediblər. Stokholm Sülh Araşdırmaları İnstitutu-SIPRI-nin hesabatında bildirilib ki, dünyada ümumilikdə 12 min 241 nüvə başlığından təxminən 9 min 614-ü potensial istifadəyə hazır vəziyyətdədir. Rusiya və ABŞ birlikdə bütün nüvə silahlarının təxminən 90 faizinə sahibdir. Şərqi Asiyada, Avropada və Yaxın Şərqdə nüvə statusu və strategiyası ilə bağlı müzakirələrin yenidən canlanması göstərir ki, daha çox dövlətin öz nüvə silahlarını hazırlamaq potensialı var.
Təbii ki, bütün bunların da fonunda qlobal hipersəs raket yarışı səngimək bilmir. NUHÇIXAN “Anadolu” agentliyində yayımlanan təhlilə istinadən xəbər verir ki, Çin və Rusiya yüksək manevr qabiliyyətinə malik raketləri ilə sektorda liderlik edir. Sözün əsl mənasında “hipersəs” hər hansı bir obyektin səsdən beş dəfə daha sürətli hərəkət edə bildiyini göstərən “Mach 5” həddini aşmağı təsvir edir. Bu silahlar saatda 6200 kilometri keçən qabaqcıl raket sistemləri kimi seçilir. Eyni zamanda səsdən 10 qat daha sürətlə uça bilən hipersəs raketləri 20 min metr yüksəkliyə qalxa bilir. Bu sistemlər yüksək manevr qabiliyyəti ilə atmosferdə sürüşə, istiqamətini dəyişə və hədəflərinə doğru müxtəlif marşrutlar tuta bilər. Bu xüsusiyyətlər hipersəs raketlərini ənənəvi ballistik raketlərdən fərqləndirir. Manevr qabiliyyətinə görə hipersəs raketləri mövcud hava və raketdən müdafiə sistemləri üçün çətin hədəfə çevrilir. Buna görə də ölkələr arasında hipersəs silahlanma yarışı strateji çəkindirmə və hərbi üstünlük üçün kritik əhəmiyyət kəsb edir.
Çin və Rusiyanın yüksək manevr qabiliyyətinə malik hipersəs raketləri ilə zirvəyə qalxması ABŞ və digər Qərb ölkələrini öz raket texnologiyalarını inkişaf etdirməyə məcbur edir. Çünki, Çin hipersəs silahlarında dünya lideridir və Rusiya isə öz inventarına böyük sərmayə qoyur. Bu yarışda geri qaldığına görə hərbi ekspertlər tərəfindən tənqid olunan ABŞ son illərdə üç fərqli proqramla öz imkanlarını təkmilləşdirməyə çalışır. Eyni zamanda hipersəs yarışında öz yerini tutmağa çalışan Şimali Koreya Hindistan və Rusiya ilə birgə işləyir. Hipersəs silah texnologiyaları sahəsində əhəmiyyətli addımlar atmağı hədəfləyən Avropa dinamikadan geri qalır.
Təhlildə hipersəs raketi yarışında Türkiyənin də öz yerini tutduğu vurğulanıb. “ROKETSAN” tərəfindən hazırlanan və ilk dəfə “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ictimaiyyətə təqdim edilən “TAYFUN BLOK-4” hipersəs raketi uzaqlığı, dəqiqliyi və qabaqcıl texnologiyaları ilə seçilir. Türkiyənin regional çəkindirmə gücünü daha da artıracaq bu yeni silah sistemi strateji hədəfləri dəqiq vurmaq qabiliyyətinə malikdir. Çoxməqsədli döyüş başlığı ilə təchiz edilmiş yeni raketin çəkisi 7 tondan artıqdır və hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri, hərbi anqarlar və mühüm hərbi obyektlər də daxil olmaqla çoxlu strateji hədəfləri məhv etməyə qadir olduğu bildirilir. “TAYFUN BLOK-4” versiyasının 1000 kilometrdən çox məsafə qət edəcəyi gözlənilir. Yeni raket ilk növbədə Türkiyə Silahlı Qüvvələrinə, daha sonra isə dost və qardaş ölkələrin silahlı qüvvələrinə güc multiplikatoru kimi çox ciddi təsir edəcək. Buna görə də “TAYFUN BLOK-4” təkcə texniki deyil, həm də geosiyasi baxımdan böyük irəliləyiş hesab olunur.
Nəriman Nəcəfov