Əfqanıstanda bazar günü gecə saatlarında baş verən zəlzələ nəticəsində azı 1124 nəfər həyatını itirib.
NUHÇIXAN xəbər verir ki, BBC teleradio kompaniyası bu barədə Əfqanıstanın Qırmızı Aypara Cəmiyyətinə istinadla məlumat yayıb. Həmçinin təbii fəlakət nəticəsində azı 3251 nəfərin xəsarət aldığı, 8 mindən çox evin isə dağıldığı bildirilir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda xilasedicilər zəlzələdən daha çox zərər görən dağlıq ərazilərə çatmağa çalışırlar.
Ən çox insan tələfatı zəlzələnin episentrinin yaxınlığında yerləşən dağlıq Kunar vilayətində qeydə alınıb. Hökumət bəzi kəndlərin tamamilə yerlə-yeksan olduğu üçün ölənlərin sayının artacağından narahatdır.
Qərb ölkələri və BMT zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Kabilə yardım etməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, “Taliban” hərəkatı 2021-ci ildə Əfqanıstanda hakimiyyətə qayıtdıqdan sonra ölkəyə beynəlxalq yardım kəskin şəkildə azalıb ki, bu da təbii fəlakətlərə qarşı müdafiə imkanları məhdud olan ölkəni daha da zəiflədib.
BMT-nin İnkişaf Proqramının məlumatına görə, hazırda Əfqanıstan əhalisinin təxminən 85 faizi gündə bir dollardan az vəsaitlə dolanır.