Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində 1400-dən çox insan həlak olub, 3124 nəfər isə yaralanıb. Xilasetmə işləri davam etdirilir, tibb işçiləri isə hər şeyini itirənlərə yardım göstərməyə çalışırlar.
NUHÇIXAN xəbər verir ki, 6 bal gücündəki zəlzələdən sonra azı beş güclü afterşok qeydə alınıb. Təbii fəlakət bazar günü axşamdan bazar ertəsinə keçən gecə Nanqarxar, Kunar və Laqman dağlıq vilayətlərinin ucqar ərazilərində baş verib.
Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinin nümayəndəsi Məhəmməd Hamadın sözlərinə görə, dağ kəndlərində dağıntılar arasında axtarışlar davam etdirildiyi üçün ölənlərin sayı arta bilər. Torpaq sürüşmələri səbəbindən xilasedicilər bəzi kəndlərə çatmaqda çətinlik çəkirlər.
Hərbi helikopterlər fəlakət zonalarına uçuşlarını davam etdirərək yardım çatdırır, həlak olanları və yaralıları təxliyə edirlər.
Zəlzələnin episentri Cəlalabaddan 27 kilometr aralıda, Pakistan sərhədinə yaxın ərazidə, cəmi 8 kilometr dərinlikdə qeydə alınıb ki, bu da çoxsaylı insan tələfatını və dağıntıların miqyasını izah edir.
Əfqanıstan dünyanın ən kasıb ölkələrindən biridir. BMT-nin bütün agentlikləri ianələr üçün çağırış edib və təşkilatın Qlobal Fövqəladə Hallara Reaksiya Fondundan ilkin olaraq 5 milyon ABŞ dolları ayrılıb. London isə zərərçəkmiş ailələrə dəstək məqsədilə 1 milyon funt-sterlinq ayıracağını bəyan edib.
Avropa İttifaqı isə bu həftə Əfqanıstana 130 ton humanitar yardım göndərmək niyyətində olduğunu açıqlayıb. Avropa Komissarının humanitar yardım üzrə nümayəndəsi Haca Lahbib bildirib ki, bu yardım “son aylarda Pakistandan gəlmiş qaçqınlar da daxil olmaqla zərərçəkmiş bölgələrdəki əhaliyə dərhal və çox zəruri dəstəyi təmin edəcək”. Aİ, həmçinin artıq ərazidə fəaliyyət göstərən beynəlxalq təşkilatlara təcili yardım kimi 1 milyon avro ayırmağı planlaşdırır.