İngiltərə hökuməti 16 yaşadək olan şəxslərə enerji içkilərinin satışını qadağan edən yeni qanun layihəsi hazırlayır.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, qadağa belə içkilərin mağaza, restoran, kafe və digər yerlərdə, eləcə də onlayn satış platformalarında satışına şamil olunacaq.
Rəsmi məlumatlara görə, Birləşmiş Krallıqda uşaqların üçdə biri hər həftə enerji içkilərindən istifadə edirlər. Halbuki, əksər supermarketlər artıq bu içkilərin satışına könüllü qadağa tətbiq edib.
Mütəxəssislər bildirirlər ki, bəzi məşhur enerji içkiləri iki fincan qəhvədən daha çox kofein ehtiva edir. Həddindən artıq istifadənin yuxu problemlərinə, başağrılarına, ürək ritminin pozulmasına və nadir hallarda qıcolmalara səbəb ola biləcəyi qeyd olunur. Həmçinin enerji içkilərinin şəkərli versiyalarının dişlərə zərər verdiyi və piylənməyə səbəb olduğu bildirilir.
Səhiyyə və sosial qulluq naziri Ves Stritinq açıqlamasında bu addımın valideynlərin, müəllimlərin və uşaqların çağırışları əsasında atıldığını vurğulayıb.