Türkiyənin İstiqlal Marşının qəbul edilməsindən 98 il ötür

A- A A+

Türkiyənin tanınmış şairi Mehmet Akif Ərsoyun yazdığı İstiqlal Marşının qəbul edilməsindən 98 il ötür.

NUHÇIXAN xəbər verir ki, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılması ilə bu ölkənin “Hakimiyet-i Milliye” qəzetinin 1920-ci il 25 oktyabr buraxılışında dövlət himninin yazılması ilə bağlı yarışmanın keçirildiyi elan edilir. Milli marşın yarışma yolu ilə seçilməsini düzgün hesab etməyən şair Mehmet Akif Ərsoy burada iştirak etmir. 1920-ci il dekabrın 23-dək davam edən yarışmaya, ümumilikdə, 724 əsər göndərilsə də onların heç biri qəbul edilmir. Bundan sonra o zamanlar Türkiyənin maarif naziri olan Hamdullah Suphi bəy Mehmet Akifə məktub göndərərək ondan himnin yazılmasında kömək istəyir. Hər kəsin səbirsizliklə gözlədiyi Milli Marşın sözləri on günə hazır olur və 1921-ci il fevralın 17-də “Sebilürreşad” jurnalında “Qəhrəman Ordumuza” adı ilə dərc olunur.

1921-ci il martın 12-də Hamdullah Suphi bəyin Böyük Millət Məclisinin kürsüsündən oxuduğu şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqılabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilir.

İstiqlal Marşının yazılması üçün Mehmet Akifə verilən 500 lira mükafat isə şair tərəfindən yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlanır.

Sonra bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: