Tbilisidə Cənubi Qafqazda fəaliyyət göstərən sahibkar qadınların istehsal etdikləri məhsulların satış sərgisi keçiriləcək
Sentyabrın 13-də və 14-də Gürcüstanın paytaxtı Tbilisidəki “Expo Georgia” mərkəzində “Qadın Sahibkarlığı Expo - 2025” satış sərgisi təşkil olunacaq.
NUHÇIXAN xəbər verir ki, tədbir zamanı Cənubi Qafqaz regionundan olan sahibkar qadınların istehsal etdikləri məhsullar nümayiş olunacaq.
Satış sərgisinin məqsədi qadınlar üçün məlumatlılığın və biznesin inkişafı imkanlarının artırılması, inklüziv bazarların yaradılması, eyni zamanda, istehsal və satış zəncirlərinin genişləndirilməsidir.
Tədbirin əsas təşkilatçısı BMT-Qadınlar təşkilatıdır. Təşkilat komitəsindən bildirilib ki, qadın istehsalçıların məhsullarının (fərdi qulluq məhsulları, dekorasiya, mebel, şərablar, qida məhsulları) nümayiş olunacağı satış sərgisi qeydiyyat üçün açıqdır.
Sərgidə iştirak edəcək qadın sahibkarlar üçün aparıcı şirkətlərin mütəxəssisləri tərəfindən təlimlər keçiriləcək, onlar investisiya təklifləri hazırlayacaqlar. Hmçinin Avropa və Mərkəzi Asiyanın 13 ölkəsindən olan həmkarları ilə görüşəcəklər. Eyni zamanda, seçilmiş iştirakçılar 2026-cı ilin yazında investorlarla görüşə qatılmaq imkanı əldə edəcəklər.
Bildirildiyinə görə, bu tədbir qadın sahibkarlığının inkişafına, faydalı biliklərin mübadiləsinə və perspektivli tərəfdaşlıq əlaqələrinin qurulmasına kömək göstərəcək.
Qeyd edək ki, keçən il qadın sahibkarların iştirakı ilə keçirilən sərgiyə 160-dan çox iştirakçı qatılıb və 4 minə yaxın insan tədbiri ziyarət edib. Bu da onlar üçün sərgi və satış əlaqələrinin genişləndirilməsi və məhsulların təşviqi üçün əlverişli şərait yaradıb.