Fransanın Saint-Denis şəhərində polis əməkdaşının gənc oğlana şillə vurub, onun üzünə tüpürməsi ilə bağlı yayılan video böyük rezonans doğurub. Bobigny Prokurorluğu həmin polislə bağlı "vəzifəli şəxs tərəfindən zorakılıq" ittihamı ilə istintaqın aparılacağını elan edib. Paris Polis Prefekturası isə hadisə ilə əlaqədar inzibati araşdırmanın başlandığını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, hadisənin görüntülərini bir qadın çəkib və videonu “Əyilməz Fransa” partiyasından olan deputat Ali Diuara X sosial şəbəkəsində yayımlayıb.
“Əyilməz Fransa” partiyasından olan deputat Erik Kokerel bildirib ki,
səbəbindən asılı olmayaraq, hərəkətsiz bir insana zərbə endirmək və onun üzünə tüpürmək qəbuledilməzdir. Bu, polis adına yaraşmayan haldır.
Baş nazir Fransua Bayru da hadisənin qəbuledilməz olduğunu vurğulayıb. "Əgər bu hadisə, həqiqətən, baş veribsə, bu, qəbuledilməzdir. Bu cür davranışlar istintaq və cəza ilə nəticələnməlidir", - deyə o diqqətə çatdırıb.
Bu hadisə Fransada polis zorakılığı ilə bağlı artan narahatlıqları bir daha gündəmə gətirib. Hazırda ictimaiyyət qeyd olunan hadisə ilə bağlı aparılan araşdırmanın nəticəsini gözləyir.