Makron hökuməti fransızların etimadını itirib

A- A A+


Fransada qənaət planları Fransua Bayru hökumətinin sonunu gətirdi və Baş nazir keçirilən etimad səsverməsində uğur qazana bilmədi. Prezident Emmanuel Makron da istefa təzyiqləri ilə üz-üzədir. Beləliklə, Fransa Prezidenti Emmanuel Makron 20 ayda dördüncü baş nazirini etimadsızlıq səsverməsində itirir və bu, borc içində olan ölkəni daha da böhrana sürükləyir.

NUHÇIXAN Qərbin nüfuzlu media orqanlarına istinadən xəbər verir ki, Fransa Parlamentinin Baş Assambleyasında keçirilən fövqəladə iclasda Bayru hökuməti üçün etimad səsverməsində 194 millət vəkili hökumətin lehinə səs verərkən, 364 millət vəkili hökumətə etimadsızlıq səsi verdi. 1958-ci ildən bəri Fransada hökumətlər 41 dəfə etimad səsverməsinə gedib, lakin bu, ilk dəfədir ki, bir hökumət öz təşəbbüsü ilə getdiyi etimad səsverməsində parlamentdən lazımi dəstəyi ala bilməyərək süquta uğrayır. Prezident Emmanuel Makron, Baş nazir Fransua Bayrunun parlamentdə etimad səsverməsini uduzaraq istefa verməsindən sonra siyasi böhrandan çıxış yolu axtarır.

Qərbin nüfuzlu media orqanlarının təhlillərində göstərilir ki, Fransada maliyyə vəziyyətinin getdikcə daha böyük bir problemə çevrilməsi və Məclisdəki idarəolunmaz quruluş hökumətin süqutuna səbəb olub. Fransanın büdcə kəsiri ÜDM-nin 5 faizini keçib və dövlət borcu 3 trilyon avronu ötüb. Bu vəziyyət Makronun populyarlığını tarixinin ən aşağı səviyyəsinə endirib. Makronun qarşısındakı variantlar arasında Məclisi buraxıb erkən seçki elan etmək, yeni bir baş nazir təyin etmək və ya Konstitusiyanın 16-cı maddəsinə əsaslanaraq bütün səlahiyyətləri əlinə almaq var. Lakin, sorğular Makronun erkən seçkidə də çoxluğu təmin edə bilməyəcəyini göstərir. Konstitusiyanın 16-cı maddəsindən istifadə etməsi isə ölkədə xaos yarada bilər. Buna görə də, ən ehtimal olunan variant yeni bir baş nazirin təyin edilməsidir. Yeni baş nazirin uğurlu olma ehtimalı isə Bayru və əvvəlki baş nazirin qısa müddətli vəzifələri səbəbindən çətin görünür.

Bu siyasi böhranın ölkənin daxili və xarici siyasətində həssas bir dönəmdən keçməsinə səbəb olduğu və nəticələrinin qısa müddətli olmayacağı vurğulanır. Yəni, siyasi böhran dərinləşir. Avropa İttifaqının ikinci ən böyük iqtisadiyyatının nəzarətdən çıxa biləcəyi ilə bağlı narahatlıqlar artır. Fransadakı siyasi böhran və hökumətin süqutu təkcə ölkə daxilində deyil, bütün Avropada narahatlıq doğurub. Bir çox təhlillərə görə, Fransanın artan büdcə kəsiri və yüksək dövlət borcu siyasi qeyri-sabitliklə birləşərək iqtisadi böhran riskini daha da artırır. Bu böhranın Avropaya yayılma ehtimalı ilə bağlı narahatlıqlar mövcuddur.

Fransada etimadsızlıq səsverməsindən sonra ölkə sakinləri müxtəlif şəhərlərdə meriya binaları qarşısında pikniklər və şənliklər təşkil ediblər. Qeyd olunur ki, səsverməyə bir neçə gün qalmış media artıq Baş nazirin istefası ehtimalı barədə yazarkən sosial şəbəkələrdə meriyaların qarşısında toplantıların təşkili çağırışları yayılmağa başlayıb. Bu “vida mərasimləri” istehza və etirazla doludur. Eyni zamanda Fransa sakinlərinin əksəriyyəti parlamentin buraxılmasını dəstəkləyir.

Nəriman  Nəcəfov

NUHÇIXAN 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: