Son araşdırmalar və müşahidələr göstərir ki, kofein qəbulunu azaltmaq bəzi insanlarda qəribə və maraqlı yuxugörmələrə səbəb ola bilər.
NUHÇIXAN “sciencealert.com” saytına istinadla xəbər verir ki, kofein beyində yuxululuq hissini yaradan adenozin adlı kimyəvi maddəni bloklayaraq insanı ayıq saxlayır. Ancaq gec saatlarda qəbul edilən kofein yuxuya getməni çətinləşdirir, dərin və bərpaedici yuxunu azaldır. Bu da ümumilikdə yuxunun keyfiyyətinə mənfi təsir edir.
Mütəxəssislər bildirirlər ki, kofeini azaltdıqda orqanizm daha çox REM yuxusu keçirə bilər. REM mərhələsi həm yuxuların görüldüyü, həm də onların daha asan xatırlandığı dövrdür. Bu səbəbdən bəzi insanlar kofeini kəsdikdən sonra yuxularının daha yaxşı olduğunu deyirlər. Bununla belə, elm hələ kofein və yuxular arasında birbaşa əlaqəni tam təsdiqləmir. Mütəxəssislər hesab edirlər ki, bu təsir yalnız bir neçə gün və ya həftə davam edə bilər. Kofein qəhvə və enerji içkilərində olduğu kimi, çay, şokolad, qazlı içkilər və bəzi dərmanlarda da mövcuddur. O, yaddaş və psixi sağlamlıq üçün faydalı təsirlərə malikdir. Əgər məqsəd daha yaxşı yuxu əldə etməkdirsə, tamamilə imtina etmək əvəzinə, kofeini yatmazdan ən azı 8 saat əvvəl dayandırmaq tövsiyə olunur. Bu, həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də maraqlı yuxugörmələrə şərait yarada bilər.