Türkiyə-Ermənistan münasibətləri uzun illərdir gərginlik və dondurulmuş dialoq fonunda olub. Bu “dondurulma” ədalətin bərpası üçün qardaş Tükiyənin atdığı ən önəmli addımlardan birdir. Mənim fikrimcə, iki dövlət arasında diplomatik əlaqələrin bərpası üçün ən önəmli təşəbbüs 2009-cu ildə imzalanan Sürix Protokolları idi. Protokollar diplomatik münasibətlərin bərpası, sərhədlərin açılması və birgə tarixçilər komissiyasının yaradılmasını nəzərdə tuturdu.
Lakin proses tezliklə dalana dirəndi. Ermənistan Konstitusiya Məhkəməsi sənədlərlə bağlı şərti qərarlar qəbul etdi, Türkiyə isə bunları protokolların ruhuna zidd hesab etdi. Azərbaycan tərəfi də Qarabağ məsələsinə toxunulmadığı üçün narazılığını açıq bildirdi. Nəticədə sənədlər parlamentlərdə ratifikasiya olunmadı və tamamilə ləğv edildi.
Beləliklə, “Sürix prosesi”nin iflasa uğraması Türkiyə-Ermənistan münasibətlərinin uzun müddət dondurulmasına gətirib çıxardı. Bu dalanın əsas səbəbi isə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalması və regionda geosiyasi güclərin təsirli mövqeyi idi. Artıq regionda yeni geosiyasi reallıq və sülh abu-havası mövcuddur.
Yeni geosiyasi reallıqlar: Niyə indi?
2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsini azad etdi və bu, regionun siyasi xəritəsini dəyişdirdi. Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi kimi prosesin əsas dayaqlarından biri oldu. Bu mərhələdən sonra Ermənistan üçün Türkiyə ilə sərhədlərin bağlı saxlanılması iqtisadi və siyasi təcrid risklərini daha da artırdı.
2025-ci ilin avqustunda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması həyata keçirilidi. Müqavilə çərçivəsində “Zəngəzur dəhlizi”nin və ya yeni adı ilə TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsinin inkişafı razılaşdırıldı. ABŞ bu dəhliz üzərində xüsusi inkişaf hüquqları əldə etdi. Bu addım Cənubi Qafqazda ənənəvi aktorları narahat etsə də, ticarət, logistika və digər tranzit imkanları daha da inkişaf etdirəcək.
Türkiyə-Ermənistan dialoqunun canlanması
Son illərdə Ankara və İrəvan arasında nümayəndələr səviyyəsində beş görüş keçirilib. Bu görüşlərdə yük daşımalarının təşkili, hava əlaqələrinin bərpası, diplomatik pasport sahibləri üçün vizaların sadələşdirilməsi və üçüncü ölkə vətəndaşlarının sərhəddən keçidinə icazə verilməsi barədə razılıqlar əldə olunub. Lakin bu qərarlar praktik olaraq həyata keçirilməyib.
İndi isə ilk dəfə heyətlərarası görüş keçiriləcək. Bu görüşdə məqsəd həm əvvəlki qərarların icrası, həm də yeni mexanizmlərin tətbiqi olacaq. Maraqlıdır məsələ ordadır ki, bu görüş Azərbaycan-Ermənistan sülh sazişindən sonra baş tutur və prosesin regional dəyərini daha da artırır.
Türkiyə, Ermənistan və Azərbaycan üçün təsirlər
Azərbaycan üçün ən böyük fayda Naxçıvanla birbaşa əlaqənin təmin olunmasıdır. Zəngəzur dəhlizi ölkəni həm Naxçıvan, həm də Türkiyə ilə quru yolla birləşdirəcək. Bununla yanaşı, regional sabitlik Azərbaycanın iqtisadi inkişafına yeni imkanlar açacaq. Risk tərəfi isə Ermənistan daxilində müqavimət ehtimalı və prosesin ləngimə təhlükəsidir.
Ermənistan iqtisadi təcriddən çıxmaq üçün Türkiyə ilə sərhədlərin açılmasına böyük ehtiyac duyur. Sərhədlərin açılması Ermənistan üçün yeni bazar, tranzit imkanları və investisiya mənbələri deməkdir. Tədqiqatlara görə, Türkiyə-Ermənistan sərhədləri ticarətə açıldığı təqdirdə iki ölkə arasındakı ticarət dövriyyəsi azı 20-40% artacaq. Lakin erməni diasporunun və daxili milliyyətçi qrupların təzyiqləri bu prosesin davamlılığını riskə ata bilər.
Türkiyə üçün bu addım həm regional liderlik mövqeyini gücləndirir, həm də iqtisadi faydalar qazandırır. Türkiyə Cənubi Qafqazla bərabər Avropa-Asiya marşrutunda mühüm halqaya çevrilir.
İqtisadi artım: Türkiyə-Ermənistan sərhədinin açılması və dəhlizlərin işə düşməsi bölgədə tranzit dövriyyəsini ciddi artıracaq. Analitiklərin hesablamalarına görə, ilk illərdə ticarət həcmi illik 1 milyard ABŞ dollarına çata bilər.
Sosial təsirlər: Normallaçma üçün atılan addımlar kiçik, amma ardıcıl humanitar layihələrlə müşayiət olunsa, ictimaiyyətlər arasında etimad mühitini gücləndirə bilər.
Nəticə etibarı ilə qeyd etmək lazımdır ki, Türkiyə-Ermənistan münasibətlərində bu yeni mərhələ yalnız iki ölkənin dialoqu deyil, həm də bütün regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
Əvvəllər dondurulmuş razılaşmaların icra olunması real normallaşmanın başlanğıcı ola bilər.
Azərbaycan üçün Naxçıvana çıxış və tranzit imkanları, Ermənistan üçün iqtisadi açılım, Türkiyə üçün isə strateji üstünlüklər təmin olunur.
Əlbəttə, bu yol sadə olmayacaq. Tarixi narahatlıqlar, milliyyətçi təzyiqlər və regional güclərin rəqabəti normallaşmanın qarşısında durur. Amma indiki mərhələ əvvəlkilərdən fərqlidir: bu dəfə yalnız diplomatik niyyət yox, həm də praktiki sülh sazişi və konkret iqtisadi dəhlizlər mövcuddur.
Bu baxımdan, Türkiyə-Ermənistan münasibətlərinin canlanması Cənubi Qafqaz üçün yeni bir dövrün başlanğıcı ola bilər.
Nicat Quliyev
Naxçıvan Televiziyasının baş redaktoru