Dünən, sentyabrın 10-da axşam saatlarında Polşa Prezidenti Karol Navrotski ilə telefon danışığı zamanı ABŞ Prezidenti Donald Tramp ölkədə Amerika hərbi mövcudluğunun saxlanıldığını təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Rafal Leskieviç məlumat verib.
“Prezident Karol Navrotski dünən axşam saatlarında Prezident Donald Trampla danışıb və ilk növbədə, NATO-nun şərq cinahında təhlükəsizliyin gücləndirilməsi və təmin edilməsində ABŞ-ın dəstəyinə dair təminatları eşidib”, -deyə Polşa mətbuatı ona istinadla xəbər verir.
“O, müttəfiqlərin dəstəyini təsdiqlədi, Amerika qoşunlarının Polşada saxlanmasını, ABŞ-ın bu hərbi kontingentinin Polşada saxlanmasını təsdiqlədi”, -deyə mətbuat katibi əlavə edib.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış əlavə Amerika hərbi kontingentini qəbul etməyə “tam hazır olduğunu” açıqlamışdı. Hazırda Polşa ərazisində 10 minə yaxın ABŞ əsgəri var.