Joqorku Keneşdə (Qırğızıstan parlamenti) növbədənkənar seçkilərin keçirilməsi üçün imza toplanması prosesinə başlanılıb.
Bu barədə NUHÇIXAN Qırğızıstan KİV-lərinə istinadən xəbər verir.
"Sentyabrın 10-a olan vəziyyətə görə, təşəbbüs qrupu yaradılıb və ilkin toplantı keçirilib. Təşəbbüs qrupunun təklifi, ehtimal ki, sentyabrın 20-dən sonra parlament iclasına təqdim ediləcək", - məlumatda bildirilib.
Konstitusiyaya əsasən, Joqorku Keneşin özünü buraxması haqqında qərar deputatların ən azı üçdə biri (30 nəfər) tərəfindən irəli sürülür və parlamentarilərin azı üçdə ikisi (60 səs) tərəfindən dəstəklənməlidir.
Deputatların seçilməsi haqqında qanuna əsasən, Qırğızıstanda növbədənkənar seçkilər özünü buraxma anından 40 gün (minimum müddət) ilə 65 gün (maksimum müddət) arasında keçirilməlidir. Beləliklə, əgər deputatlar oktyabrın əvvəlində özlərini buraxsalar, seçkilər noyabrın sonunda keçiriləcək.
Joqorku Keneşin yeddinci çağırış müddəti 2026-cı ilin noyabrında başa çatır.
Plana görə parlament seçkiləri gələn ilin noyabrında keçirilməlidir. Ölkədə 2027-ci ilin yanvarında prezident seçkilərinin keçiriləcəyi müəyyən edilib.