Cənubi Koreya, ABŞ və Yaponiya silahlı qüvvələri “Freedom Edge” (Azadlıq Qalxanı) adlı üçtərəfli hərbi təlimlərə başlayıb.
NUHÇIXAN xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, təlimlər 15–19 sentyabr tarixlərində Cənubi Koreyanın Çedjudo adasından cənub-şərqdə yerləşən beynəlxalq sularda keçirilir.
Manevrlərin əsas xüsusiyyəti eyni vaxtda dənizdə, havada və kiberməkanda həyata keçirilməsidir. Təlimlər çərçivəsində raket və hava hücumundan müdafiə üzrə əməliyyatlar, həmçinin tibbi təxliyə və dənizdə müdaxilə ssenariləri icra olunacaq.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsindən bildirilib ki, təlimlər KXDR-dən qaynaqlanan nüvə və raket təhdidlərinə cavab olaraq təşkil olunur.
Qeyd edək ki, “Freedom Edge” təlimləri bu ad altında keçirilən üçüncü tədbirdir. Əvvəlki analoji təlimlər 2024-cü ilin iyun və noyabr aylarında baş tutub.
KXDR-in üçtərəfli təlimlərə reaksiyası gecikməyib. Pxenyan manevrləri sərt tənqid edərək bunu düşmənçilik siyasətinin davamı kimi qiymətləndirib.