Cənubi Sinaydakı Vadi əl-Nasb sahəsində çalışan Misir arxeoloji missiyası bazar günü, sentyabrın 14-də qədim misəritmə emalatxanasının, inzibati binaların və müşahidə məntəqələrinin aşkar edildiyini açıqlayıb. Turizm və Qədim Əsərlər Nazirliyindən verilən açıqlamada tapıntının Sinayın qədim Misir dövründə mis və firuzəyin əsas mənbəyi kimi strateji əhəmiyyətini əks etdirdiyi bildirilib.
NUHÇIXAN “The Jerusalem Post” nəşrinə istinadla xəbər verir ki, Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi Muhammed İsmayıl Xalidin sözlərinə görə, arxeoloji qazıntıların nəticələri Misirin Vadi əl-Nasb bölgəsində Köhnə Krallıqdan Son Dövrə qədər mədənçilik fəaliyyətinin davamlılığını təsdiqləyən memarlıq və sənaye sübutlarını göstərib. O, Yeni Krallıq dövründə mədənçilik fəaliyyətinin çiçəkləndiyini göstərən misəritmə emalatxanalarının, müxtəlif formalı və ölçülü mis ərintisi külçələrinin və qazma borusu başlıqlarının tapıldığını qeyd edib. Xalidin əlavə edib ki, emalatxanalar, külçələr və üfürmə borusu başlıqları sənətkarlıq, hərbi və inzibati məqsədlər üçün Nil vadisinə daşınmazdan əvvəl mis istehsalı və tökmə sənaye sisteminin inkişafını göstərir.
Nazirlik qeyd edib ki, arxeoloji missiya müxtəlif növ misəritmə sobalarının olduğu böyük mərkəzi sexin bir hissəsini aşkar edib. Tapıntılara filiz hazırlamaq üçün alətlər, saxsı qablar, Misir amforaları, yerli ağaclardan hazırlanmış külli miqdarda kömür, təmiz gil blokları, müxtəlif ölçülü gil üfürmə borusu başlıqları, mis şlak blokları və bir kiloqramdan artıq ərinti külçələri daxildir.