Fransanın paytaxtı Paris şəhərində yerləşən Milli Təbiət Tarixi Muzeyində gecə saatlarında baş vermiş qızıl külçələrin oğurlanması ilə bağlı mütəşəkkil oğurluq maddəsi ilə istintaq başladılıb.
NUHÇIXAN yerli mətbuata istinadla xəbər verir ki, Paris Prokurorluğunun məlumatına görə, muzeyin 5-ci dairəsində yerləşən Geologiya və Minerologiya Qalereyasından dəyərli qızıl külçələri oğurlanıb. Hadisəni ilk olaraq səhər saatlarında təmizlik işçisi aşkar edib.
İlkin məlumata görə, oğrular 5 kiloqramlıq qızıl külçəsini və 1 kiloqram çəkidə olan daha üç qızıl parçasını oğurlayıblar. Ümumilikdə 6 kiloqram qızıl külçə oğurlanıb. Oğurlanan qızılların dəyəri təxminən 600 min avro qiymətləndirilir. Lakin muzey rəhbərliyi bildirir ki, bu külçələrin elmi və mədəni dəyəri pulla ölçülə bilməz.
İstintaq məlumatlarına əsasən, oğrular zirehli şüşəni əridərək və sındıraraq, həmçinin təxliyə qapısını mişarla kəsərək muzeyə daxil olublar. Cinayətdə istifadə olunan alətlər hadisə yerində tapılıb və maddi sübut kimi götürülüb.
Təhlükəsizlik tədbirləri və istintaqla əlaqədar Geologiya və Minerologiya Qalereyası hələlik ziyarətçilər üçün bağlanıb. Qalereyada gücləndirilmiş mühafizə tədbirləri həyata keçirilir.
Qeyd edək ki, sözügedən muzey iyul ayında kiberhücumun hədəfi olub. Bu hücum nəticəsində tədqiqat və kitabxana sistemləri, həmçinin onlayn kolleksiya platformaları bir neçə həftə ərzində fəaliyyətini dayandırıb.