Çinin Quandon əyalətində yaxınlaşan güclü “Raqasa” qasırğası ilə əlaqədar 371 min sakin təhlükəsiz ərazilərə təxliyə edilib.
NUHÇIXAN xəbər verir ki, əyalətin fövqəladə halların idarəedilməsi departamenti ilin 18-ci, həm də ən güclü qasırğası olan “Raqasa”nın törədə biləcəyi zərərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər görür. Ümumilikdə 80 mindən çox balıqçı qayığı limanlara geri qayıdıb, açıq dənizdə çalışan 12 mindən çox işçi sahilə qaytarılıb. Sürətlə hərəkət etməsinə baxmayaraq, gücünü saxlayan “Raqasa”nın sentyabrın 24-də Quandon əyalətinin Cuhay şəhərinə və Suven rayonuna çatması gözlənilir.
Çin Dövlət Meteorologiya Mərkəzi tayfunun gətirəcəyi küləyin sürətinin saniyədə 60 metrə çatacağını, bundan başqa, tayfunun güclü yağıntı gətirəcəyini də proqnozlaşdırıb. Quandon ilə yanaşı Ciansu və Anhuy əyalətlərində, Tayvan adası və Honkonqda da fəsadlar törədəcəyi güman olunur.
“Raqasa”nın törədə biləcəyi fəsadlar nəzərə alınaraq Quandon əyalətində xəbərdarlıq səviyyəsi ən yuxarı həddə qaldırılıb. Əyalətin sel, quraqlıq və küləklə mübarizə qərargahı bütün yerli qurumlara, təşkilatlara ən yüksək səviyyədə hazırlıq görmək barədə xəbərdarlıq edib. Bura tədrisin, istehsalın, inşaatın, digər iş fəaliyyətlərinin, ictimai nəqliyyatın hərəkətinin dayandırılması da daxildir. Artıq Quancou, Cuhay, Şencen kimi iri şəhərlər də daxil olmaqla 11 şəhərdə sözügedən qabaqlayıcı tədbirlərin tətbiqinə qərar verilib. Çin Milli Dəniz Neft Korporasiyasının dənizdəki 31 platformadan 5 min 200-ə yaxın neftçini təxliyə edib.
Super güclü tayfun kateqoriyasından olan “Raqasa”nın Quandondan sonra Quansi Cuan Muxtar Rayonuna keçəcəyi üçün həmin bölgədə də qabaqlayıcı tədbirlərə start verilib. Bütün bərə səfərləri təxirə salınıb. Veycou adasından 6 min turistin təxliyəsinə qərar verilib. Haynan adasında və Honkonq xüsusi inzibati ərazisində da dərslər, bərə və qatar səfərləri, biznes və istehsal dayandırılıb. Honkonq və Makau xüsusi inzibati əraziləri də daxil olmaqla Çində 700-dən çox uçuş ləğv edilib.