Çinin cənubundakı Xaynan adasında 2030-cu ildə ənənəvi yanacaq növləri ilə (benzin, dizel, maye qaz) işləyən avtomobillərin satışı dayandırılacaq.
NUHÇIXAN xəbər verir ki, yerli hökumət bu addımla Çinin turizm bölgəsi olan adanı “ekoloji nümunəvi zona”ya çevirmək istəyir.
Xaynan Çində 2017-ci ildə ənənəvi yanacaqla işləyən avtomobillərin satışının qadağan edilməsi ilə bağlı elan edilən planı yerinə yetirən ilk vilayət olacaq. Çin hökuməti bu planla həm ətraf mühitin qorunmasını, həm də idxal neftdən asılılığı azaltmağı hədəfləyib.
Qeyd edək ki, Çində ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri də yeni enerji avtomobillərinin istifadəsinin təşviqidir. Hökumət bu cür avtomobil istehsal edən şirkətlərə güzəştlər təklif edir, şəhər təsərrüfatlarında ənənəvi avtomobillərin istifadəsini getdikcə məhdudlaşdırır. Çin hazırda yeni enerji avtomobillərinin ən böyük bazarı hesab olunur. Ötən il ölkədə ümumilikdə 1,26 milyon ədəd bu növ avtomobil satılıb.