Rəqəmli təhlükəsizlik sahəsində fəaliyyət göstərən Niderlandın “Gemalto” şirkəti daxili barmaq izi skanerinin köməyi ilə ödəniş etməyə imkan verəcək debet kartı hazırlayır.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu futuristik ödəniş texnologiyası növbəti ay real şəraitdə sınaqdan keçiriləcək. Britaniyanın “Natwest” bankının öz müştəriləri üçün çıxardığı 200 sınaq kartının köməyi ilə PIN kod daxil etmədən təmassız NFC ödənişləri həyata keçirmək mümkün olacaq.
“Gemalto” şirkətinin nümayəndələri iddia edirlər ki, barmaq izi ilə bağlı məlumatlar yalnız kartda saxlanılır. Hakerlər həmin informasiyanı konkret bankın məlumat bazasından oğurlamaq imkanına malik olmayacaq.