Gürcüstanda yoxsulluq ildən-ilə azalır. Biz 2012-ci ildə hökumətə gələndə yoxsulluq həddi 30 faiz idi. İndi isə bu rəqəm 9,4 faizə düşüb.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yoxsulluq məlumatları daim, ildən-ilə dərc olunur və Gürcüstanda ilk dəfə ötən il birrəqəmli yoxsulluq göstəricisi (9,4 faiz) qeydə alınıb.
“Yoxsulluqla bağlı göstərici 2012-ci ildə 1,1 milyon nəfər idisə, indi həmin rəqəm 350 minə enib. Bu isə o deməkdir ki, yoxsulluq hələ də ölkəmizin əsas problemlərindən biri olaraq qalır və bunun üçün investisiyalara, iqtisadi artıma, sürətli iqtisadi inkişafa ehtiyacımız var. Yoxsulluğun aradan qaldırılması bizim ən mühüm milli vəzifələrimizdən biridir”, - deyə İrakli Kobaxidze bildirib.