Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev BMT Baş Assambleyasının sentyabrın 12-də qəbul etdiyi "Fələstin məsələsinin sülh yolu ilə həllinə dair Nyu-York Bəyannaməsinin Təsdiqi və İki Dövlətli Həllin İcrası" qətnaməsini alqışladığını bəyan edib.
NUHÇIXAN-ın məlumatına görə, TDT-nin Baş katibi qeyd edib ki, qətnamə qətnamə 142 üzv dövlət tərəfindən dəstəklənib.
"Həmçinin, Fələstin Dövlətinin tanınmasına dair son dövrdə atılmış addımları təqdir edirəm. Bunun nəticəsində BMT üzv dövlətləri arasında Fələstini tanıyanların sayı 157-yə çatıb", - o bildirib.
K.Ömüralıyev hesab edir ki, bu addımlar beynəlxalq hüquq və müvafiq BMT qətnamələri ilə uyğun olaraq Fələstin xalqının qanuni hüquqlarını gücləndirir və iki dövlətli həll əsasında ədalətli, davamlı sülhün təmin olunmasına töhfə verir:
"Ümid edirəm ki, bu təşəbbüs Qəzzadakı faciəli əzabların sona çatmasına, humanitar yardımın maneəsiz çatdırılmasına, atəşkəsin möhkəmlənməsinə və danışıqların bərpasına müsbət təsir göstərəcəkdir".