Ermənistan paytaxtının mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. Yerevan Opera və Balet Teatrının qarşısına toplaşanlarla polis arasında baş verən qarşıdurmada 4 paytaxt sakini həbs edilib.
NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, həbs edilən aksiya iştirakçılarına qarşı inzibati məcəlləyə uyğun olaraq polisin göstərişlərinə əməl etməmək və qanun keşikçilərinə müqavimət göstərmək maddəsi ilə minimum əməkhaqqının 50 mislinədək cərimə cəzası tətbiq olunub.
Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, ticarət obyektlərinin sökülməsi onlarla insanın işsiz qalmasına və buradakı kafelərə qoyulan vəsaitin batmasına səbəb olacaq.