Özbəkistan hakimiyyəti ölkənin müxtəlif bölgələrində artan sənaye tələbatını ödəmək üçün əlavə kiçik gücə malik atom elektrik stansiyalarının tikintisini istisna etmir.
NUHÇIXAN xəbər verir ki, Nazirlər Kabineti yanında Atom Enerjisi üzrə Agentliyin (“Uzatom”) direktoru Əzim Əhmədhacayev bu barədə Moskvada keçirilən beynəlxalq “Atom həftəsi” forumunda çıxışı zamanı açıqlama verib.
Bu bəyanat sənaye komplekslərinin, xüsusilə qaz-kimya və neft-kimya sahələrinin inkişafına dair genişmiqyaslı dövlət proqramlarının fonunda səslənib. “Cizak vilayətində kiçikmodullu reaktor layihəsinin icrasına başlayarkən prosesi izləyəcəyik və rəhbərlik müvafiq qərarlar qəbul edəcək”, – deyə Əhmədxacayev vurğulayıb.
Cizak vilayətində həyata keçirilən pilot layihə kiçikmodullu reaktor texnologiyalarının tətbiqində praktiki təcrübə toplamaq üçün əsas mərhələ hesab olunur. “Uzatom” 2024-cü ilin oktyabrında oxşar obyektlərin yerləşdirilməsi üçün 14 potensial sahənin ətraflı öyrənilməsi planlarını açıqlamışdı.
Artıq Cizakdakı layihə fəal mərhələyə keçir. Kiçik gücə malik atom stansiyalarının inşası xüsusən respublikanın ucqar bölgələrində enerji təchizatının mərkəzləşdirilmədən həyata keçirilməsi strategiyasının bir hissəsidir. Bundan əlavə, atom energetikasının inkişafı iqtisadiyyatın dekarbonizasiyasına və kömürlə işləyən istilik elektrik stansiyalarından tədricən imtinaya xidmət edir.
Kiçikmodullu reaktorlara maraq onların çevikliyi, sənaye müəssisələrini və mərkəzi enerji sistemindən uzaqda yerləşən yaşayış məntəqələrini sabit enerji ilə təmin etmək imkanları ilə bağlıdır.
Beləliklə, Özbəkistan atom texnologiyalarına üstünlük verməklə yalnız artan enerji tələbatını ödəməyi deyil (proqnozlara görə, bu göstərici 2050-ci ilə qədər ikiqat artacaq), həm də bu qabaqcıl sahədə təcrübə mübadiləsi və kadr hazırlığı üzrə regional mərkəzə çevrilməyi hədəfləyir.
Kiçik gücə malik nüvə reaktorlarının ən tanınmış tətbiqlərindən biri atom buzqıranlardır. Cizak vilayətindəki AES-də istifadə ediləcək texnologiya isə dünyanın ən güclü buzqıranlarında uğurla tətbiq olunan reaktor qurğularının quru şəraitinə uyğunlaşdırılmış versiyası olacaq.