Böyük Britaniya və Avropa tərəfdaşlarının birgə layihəsi çərçivəsində öz raket gövdəsini yanacaq kimi istifadə edəcək dünyada ilk “özünü yeyən” (autofagiya mühərrikli) kosmik gəmi hazırlanır.
NUHÇIXAN “The Telegraph”a istinadla xəbər verir ki, layihə üzərində Lester şəhərində yerləşən “Meridian Space Command” şirkəti Fransanın “Alpha Impulsion” firması ilə əməkdaşlıq edir.
Onlara layihənin ilkin mərhələsini həyata keçirmək üçün 150 min funt sterlinq həcmində dövlət maliyyəsi ayrılıb. Maliyyə vəsaiti layihənin ilkin dizayn mərhələsinə, onun texniki-iqtisadi əsaslandırılmasına sərf ediləcək. Böyük Britaniya Kosmik Agentliyi bildirib ki, bu gəmi uçuş zamanı öz struktur gövdəsini tədricən yanacaq kimi istifadə edəcək.
Mühəndislərin sözlərinə görə, yeni kosmik gəmi müxtəlif orbitlərə daxil olmaq və onlardan çıxmaq, habelə müxtəlif trayektoriyalar üzrə hərəkət etmək imkanına malik olacaq. Hazırda mövcud raketlər kosmosa çıxmaq üçün ayrıca yanacaq çənlərindən asılıdır.