Cənubi Koreya 2026-cı ildə müdafiə büdcəsini 8,2 faiz artıraraq 66,3 trilyon von (təxminən 47,07 milyard ABŞ dolları) səviyyəsinə çatdıracaq.
NUHÇIXAN xəbər verir ki, Koreya Respublikasının Prezidenti Li Çje Men bu barədə Silahlı Qüvvələrin qurulmasının 77-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib. Dövlət başçısının sözlərinə görə, ayrılan vəsait əsasən qabaqcıl silah sistemlərinə, həmçinin süni intellekt, pilotsuz uçuş aparatları və robot texnologiyaları kimi innovativ sahələrə yönəldiləcək.
Prezident bildirib ki, dünyada təhlükəsizlik mühitinin dəyişməsi və silahlı münaqişələr riskinin artması fonunda Cənubi Koreya hərbi potensialının gücləndirilməsinə xüsusi önəm verir.
“Dəyişən təhlükəsizlik şəraitinə çevik reaksiya vermək üçün özünümüdafiə bacarığı vacib şərtdir. Tarixdə ən uzunmüddətli sülh dövrü başa çatır”, – deyə Li Çje Men vurğulayıb.