“Boeing” aviasiya korporasiyası ABŞ-da “737 MAX 8” seriyasından olan təyyarələrin uçuşunun qadağan edilməsindən sonra həmin avialaynerlərin çatdırılmasını dayandırıb. Bundan öncə demək olar ki, bütün ölkələr həmin təyyarələrin istifadəsindən imtina etmiş, bəzi dövlətlər isə bu laynerlər üçün öz hava məkanını bağlamışdı.
NUHÇIXAN xəbər verir ki, qadağalar Efiopiyada 157 nəfərin, bundan beş ay əvvəl isə İndoneziyada 189 nəfərin ölümü ilə nəticələnən qəzalarla əlaqədardır. Bu arada ABŞ Federal Mülki Aviasiya İdarəsi də “Boeing 737 MAX” təyyarələrinin uçuşlarının dayandırıldığını rəsmən elan edib.
“Boeing” kompaniyası ABŞ hakimiyyət orqanlarının “737 MAX” modelinin uçuşlarına müvəqqəti qadağa qərarını dəstəkləsə də, onların təhlükəsiz olduğuna əminliyini bildirib.
“Boeing” ayda 52 avialayner istehsal edir, onlardan neçəsinin “Boeing 737 MAX” modeli olduğu barədə isə məlumat yoxdur.