İsveçrənin buzlaqları son 12 ayda əhəmiyyətli dərəcədə əriyib, bu ölkədə bütün müşahidələr tarixində dördüncü ən böyük buz itkisi qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, “GLAMOS” monitorinq təşkilatı və İsveçrə Kriosfer Monitorinqi Komissiyasının məlumatına görə az qarlı qış, daha sonra isə iyun ayındakı istilik dalğaları xüsusilə İsveçrə Alp dağlarının şimal-şərqində buzlaqların ümumi buz kütləsinin 3 faizinin itirilməsinə səbəb olub.
“Bu, həqiqətən də çoxdur”, - deyə “GLAMOS” direktoru Mattias Huss bildirib.
Buzun əriməsi 2022 və 2023-cü illərdəki kimi ekstremal olmasa da, tendensiya açıq-aydındır, həmin illərdə buzlaqlar müvafiq olaraq 5,9 faiz və 4,4 faiz həcmini itirdilər.
“Reuters” agentliyinə müsahibəsində M.Huss əlavə edib ki, İsveçrə buzların əriməsi ilə bağlı bütün müşahidələr tarixində ən pis onilliyi yaşayıb: 2015-ci ildən bəri buzlaq öz həcminin dörddəbirini itirib.
Ron buzlağı Buz dövrü zamanı Avropada ən böyük buzlaq idi, lakin o, sürətlə kiçildi, bu il qalınlığının orta hesabla təxminən 1,5 metrini itirdi.
“GLAMOS”un məlumatına görə, 2016-2022-ci illərdə İsveçrədə 100-ə yaxın buzlaq yoxa çıxıb və əksəriyyətinin əsrin sonuna qədər yox olacağı gözlənilir.
“Təəssüf ki, buzlaqların xilası üçün edə biləcəyimiz çox az şey var... Bu gün iqlim sabitləşsə belə, onlar istənilən halda geri çəkilməyə davam edəcək”, - deyə Huss qeyd edib.
“Lakin növbəti 30 il ərzində qlobal miqyasda karbon qazı emissiyaları sıfıra endirilsə, yüksək hündürlükdə yerləşən 200-ə qədər İsveçrə buzlaqlarını xilas etmək mümkün olacaq”, - deyə o əlavə edib.
Bu il dəniz səviyyəsindən 3 min metr aşağıda yerləşən İsveçrə buzlaqları xüsusilə ağır zərbə alıb. Hesabatda deyilir ki, İsveçrənin şimal-şərqində bir vaxtlar sağlam olan Silvretta buzlağında təxminən 100 il əvvəl müşahidələr başlayandan bəri irimiqyaslı buz əriməsi baş verib.
Huss, həmçinin xəbərdarlıq edib ki, buzlaqların əriməsi dağlarda təhlükəsizliyin pozulmasına gətirib çıxarır. Bu, cari ilin may ayında Vale kantonunda Blatten kəndini məhv edən buzlağın dağılmasına bənzər qaya və buz uçqunlarına səbəb ola bilər.