BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Səudiyyə Ərəbistanı Krallığı ilə bağlanan əməkdaşlıq sazişinin icrası üzrə işləri intensivləşdirir. Bu əməkdaşlıq çərçivəsində dayanıqlı kənd inkişafı layihəsinin həyata keçirilməsi üçün 100 milyon dollar maliyyə ayrılıb.
NUHÇIXAN “əl-İqtisadiyyə” saytına istinadla xəbər verir ki, layihənin məqsədi fermerlərin ixtisaslaşdırılması və təlimi, eləcə də Səudiyyə Ərəbistanı Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının əmək səmərəliliyini və bacarıqlarını artırmaqdır.
FAO-nun Səudiyyə Ərəbistanındakı proqram direktoru doktor Nizar Haddad deyib ki, Krallıqla imzalanmış saziş yeddi il ərzində dayanıqlı kənd inkişafı layihəsini əhatə edir və iki əsas istiqaməti özündə birləşdirir: kənd təsərrüfatının inkişafına dəstək və təbii sərvətlərin qorunması. Bu işlər Milli Bitki Örtüyünün İnkişafı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Sazişin verdiyi imkanlardan biri də dünyanın ən yaxşı mütəxəssislərini cəlb etmək və fermerlərin təbii sərvətlərin idarə olunması üzrə bacarıqlarını artırmaqdır. Layihə, həmçinin ağıllı suvarma və təmizlənmiş suların istifadəsi ilə bağlı iki layihəni əhatə edir. Altı milyon dollar dəyərində olan bu layihələr strateji olaraq tükənən yeraltı suların istifadəsini azaltmaq və müasir dayanıqlı texnologiyalara keçidi təmin etmək məqsədi daşıyır.
FAO proqram direktoru əlavə edib ki, Səudiyyə Ərəbistanı ekoloji dayanıqlılıq hədəflərinə nail olmaqda bir çox ölkələri qabaqlayıb. Belə ki, ölkə regional sularının təxminən 18 faizini təbiət qoruqları elan edib. Bu addım dəniz sərvətlərinin qorunmasına, balıqçılıq sahəsində özünütəminata və balıq ovundan akvakulturaya keçid strategiyasının dəstəklənməsinə xidmət edir.
Layihələr çərçivəsində, həmçinin Səudiyyə qəhvəsinin məhsuldarlığının artırılması, heyvandarlığın, dənli və digər sahə bitkilərinin inkişafı, yeni məhsulların, o cümlədən zeytun sahələrinin artırılması nəzərdə tutulur. Tropik ağacların və bağların idarə olunması proqramları, əlavə dəyərə malik istehsal layihələrinin inkişafı da planlaşdırılıb.