İsveçrənin Sürix və ABŞ-ın Nyu-York universitetlərinin tədqiqatçıları beyində eyni anda bir neçə sahəni yüksək dəqiqliklə ultrasəs vasitəsilə stimullaşdırmağa imkan verən texnologiyanı təqdim ediblər.
NUHÇIXAN xəbər verir ki, araşdırma “Nature Biomedical Engineering” (NBE) jurnalında dərc olunub.
İndiyədək ultrasəs neyromodulyasiyası yalnız bir nöqtəyə təsir göstərməyə imkan verirdi və bu da məhdud səmərəliliklə, həmçinin yüksək yan təsir riski ilə müşayiət olunurdu. Yeni cihaz isə yüzlərlə miniatür ötürücüdən ibarətdir. Onların yaratdığı ultrasəs impulsları bir-biri ilə üst-üstə düşərək hologramdakı işıq dalğalarını xatırladır. Nəticədə beyində bir neçə fokus nöqtəsi yaranır və neyron şəbəkələri aktivləşir.
Layihəyə rəhbərlik edən professor Daniel Razanskinin sözlərinə görə, bir neçə zonaya eyni vaxtda təsir imkanı ultrasəsin daha zəif intensivlikdə istifadəsinə şərait yaradır ki, bu da metodu daha təhlükəsiz edir. Əvvəllər təsir çox zəif olduqda stimulyasiya faydasız olurdu, həddindən artıq güclü olduqda isə bütün beyinə təsir edir və toxumalara zərər verirdi.
Texnologiya siçanlar üzərində sınaqdan keçirilib. Heyvanlara kəllə sümüyü üzərindən qeyri-invaziv stimulyasiya aparılıb və neyron şəbəkələrinin aktivliyi qeydə alınıb. Alimlərin ehtimalına görə, ultrasəsin təsiri təkcə lokal zəif istiləşmə ilə deyil, həm də neyronların ion kanallarına mexaniki təsirlə bağlıdır.
Hazırda metod fundamental tədqiqat mərhələsindədir, lakin gələcəkdə Altsheymer xəstəliyi, epilepsiya, tremor, Parkinson xəstəliyi və depressiyanın müalicəsində tətbiq oluna bilər.