Çində sualtı kompüter serveri istifadəyə veriləcək

A- A A+

Çin şirkəti yüksək enerji istehlakı və serverlərin həddən artıq qızmasını aradan qaldırmaq üçün Şanxay yaxınlığında data mərkəzlərini suyun altına salmağı planlaşdırır.

NUHÇIXAN “Sciencealert” nəşrinə istinadla xəbər verir ki, yeni təcrübə dünyada bu tipli ilk kommersiya layihələrindən biri ola bilər. Bu mərkəzlər bütün dünyada veb-saytlar və proqramlar üçün məlumat saxlayan fiziki serverlərdir. Belə ki, süni intellektin inkişafı ilə hesablama gücünə tələbat da sürətlə artır.

Sualtı data mərkəzlərinin əsas üstünlüyü soyutma zamanı enerjiyə qənaətdir. Serverlər adi məlumat mərkəzlərində istifadə olunan enerji tutumlu hava soyutma sistemləri ilə deyil, okean axınları ilə təbii şəkildə soyudulacaq.

“Sualtı qurğular soyutma üçün sərf olunan enerjinin təxminən 90 faizinə qənaət edə bilər”, -deyə dövlətə məxsus tikinti şirkətləri ilə birlikdə Şanxay kapsulunu hazırlayan “Highlander” kompaniyasının vitse-prezidenti izah edib.

Nəşr qeyd edir ki, hazırda estakadada böyük sarı kapsulun - eksperimental sualtı data mərkəzinin quraşdırılması başa çatmaq üzrədir. Oktyabrın ortalarında başlaması planlaşdırılan layihə “China Telecom” və dövlətə məxsus süni intellekt şirkətləri kimi müştərilərə xidmət göstərəcək. Bu, milli karbon izinin azaldılması proqramının bir hissəsi olacaq.

“Microsoft” artıq 2018-ci ildə Şotlandiya sahillərində oxşar texnologiyanı sınaqdan keçirib, lakin Çin layihəsi ilk kommersiya xidmətlərindən biri ola bilər. Bununla belə, ekspertlər onun ekoloji təhlükəsizliyinə və kommersiya məqsədəuyğunluğuna şübhə edirlər. Kaliforniya Universitetinin (ABŞ) eksperti Şaoley Renin sözlərinə görə, bu cür layihələr indiyədək yalnız “texnoloji mümkünlüyü” nümayiş etdirir. Təcrübənin uğurlu olduğunu elan etməsinə baxmayaraq, “Microsoft” hələ də kommersiya məhsulu təqdim etməyib.

Sualtı data mərkəzlərinin geniş tətbiqindən əvvəl ciddi texniki və ekoloji problemlər həll edilməlidir. Ən mühüm olan amil avadanlığı sudan və korroziyadan qorumaqdır. Çin layihəsi bu problemi polad kapsul üzərində şüşə lopalarının xüsusi qoruyucu örtüyü ilə həll edir. Serverin təmiri üçün sualtı modulu onun suüstü seqmentinə birləşdirən lift da var. Tərtibatçıların fikrincə, mərkəzin demək olar ki, bütün enerjisi (95%-dən çoxu) yaxınlıqdakı dəniz külək stansiyalarından alınacaq.

Bununla belə, digər problemlər də qalmaqdadır. Sualtı data mərkəzini internetə qoşmaq ənənəvi quru serverlərdən daha çətindir. Florida Universitetindən (ABŞ) və Yaponiyadan olan tədqiqatçılar da aşkar ediblər ki, sualtı data mərkəzləri səs dalğalarından istifadə edən hücumlara qarşı həssas ola bilər. Digər mühüm məsələ onun dəniz ekosistemlərinə təsiridir. Serverlər tərəfindən yaradılan istilik bəzi dəniz növlərini cəlb edə və digərlərini dəf edə bilər.

Hall Universitetindən dəniz ekoloqu Endryu Uont qeyd edir: “Hələ bu sahədə kifayət qədər tədqiqat aparılmayıb”.

“Highlander” isə bildirir ki, 2020-ci il sınaq layihəsinin müstəqil qiymətləndirilməsi suyun temperaturunun məqbul səviyyədən əhəmiyyətli dərəcədə aşağıda qaldığını aşkar edib. Bununla belə, ekoloqlar xəbərdarlıq edirlər ki, sualtı mərkəzlərin sayı çoxaldıqca, dənizdə termal çirklənmənin səviyyəsi də artacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: