Fransada yeni formalaşdırılmış Nazirlər Kabinetinin sabitliyi ciddi suallar doğurur. Hökumətin tərkibində yeni simaların yer almasına və bəzi nazirlərin postlarının dəyişməsinə baxmayaraq, bunlar ölkədəki siyasi vəziyyətə ciddi təsir göstərməyəcək.
NUHÇIXAN xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, Fransanın yeni Baş naziri Sebastyen Lekornü tərəfindən təklif olunmuş və Prezident Emmanuel Makron tərəfindən təsdiqlənmiş yeni hökumət bir il belə fəaliyyət göstərə bilməyən əvvəlki iki kabinetə oxşardır.
Analitiklərin fikrincə, yeni baş nazirin də siyasi taleyi sələfləri Mişel Barnye və Fransua Bayrunun aqibətinə bənzəyə bilər. Sebastyen Lekornü də onlar kimi mərkəzçi partiyalar, “Respublikaçılar” və sağçı “Milli Birlik” partiyası arasında formalaşmış kövrək siyasi ittifaqa arxalanmaq məcburiyyətində qalacaq.
Nəşr, həmçinin qeyd edir ki, Fransa parlamentinin aşağı palatasında da siyasi mühit çıxılmaz vəziyyətdədir. Prezident Emmanuel Makronun zəif mərkəz-sağ koalisiyası sol və ifrat sağ partiyalarla gərgin mübarizə aparır. Bu səbəbdən Sebastyen Lekornü yeni hökumətə üzv seçərkən ciddi məhdudiyyətlərlə üzləşib.
Qeyd edək ki, oktyabrın 5-də Fransada bir ay əvvəl istefa vermiş hökumətin əvəzinə yeni kabinetin ilk hissəsi təqdim olunub. Yeni tərkibə əsasən, iqtisadiyyat və maliyyə naziri Brüno Le Mer müdafiə naziri postuna, Rolan Leskür isə onun yerinə təyin edilib. Buna baxmayaraq, bir sıra əsas nazirliklərdə dəyişiklik baş verməyib. Belə ki, “Respublikaçılar” partiyasının nümayəndəsi Brüno Retayo daxili işlər naziri kimi fəaliyyətini davam etdirəcək. Xarici işlər naziri postu yenə də Jan-Noel Barroya, ədliyyə naziri vəzifəsi isə Prezident Makronun yaxın silahdaşı Jerald Darmanenə həvalə olunub.
Məlumata görə, hökumətin tam tərkibi yaxın günlərdə açıqlanacaq. Yeni kabinetin ümumi sayının 25 nəfəri keçməyəcəyi gözlənilir. Prezident Emmanuel Makronun yeni Nazirlər Kabineti ilə ilk iclası bazar ertəsi yerli vaxtla saat 16:00-da keçiriləcək.