Fransa Paris Prokurorluğu Apple şirkətinin səs köməkçisi Siri vasitəsilə istifadəçilərin minlərlə söhbətini qanunsuz şəkildə toplayaraq gizli yazması barədə məlumatları araşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, araşdırma Fransanın İnsan Hüquqları Liqasının verdiyi şikayət əsasında başlayıb. Şikayət Apple şirkətinin keçmiş podratçısı, İrlandiyada yerləşən “Globe Technical Services”də çalışan Tomas le Bonnekin ifadələrinə əsaslanır.
Bu şəxs 2019-cu ildən şirkətdə Siri səslərinin analizinə məsul olub. Onun sözlərinə görə, o, minlərlə belə audio yazını dinləyib, onların bəzilərində istifadəçilərin şəxsi və məxfi məlumatları olub və bəzən onların şəxsiyyətini müəyyən etmək mümkün olub.
Le Bonnec əvvəlcə Fransa və İrlandiyanın məlumatların qorunması orqanlarına müraciət etsə də, onlar araşdırma aparmaqdan imtina ediblər.
Apple şirkətinin Fransadakı nümayəndəsi isə jurnalistlərə bildirib ki, şirkət “heç vaxt Siri məlumatlarından marketinq profilləşdirilməsi üçün istifadə etməyib, onları reklam xidmətlərinə verməyib və üçüncü şəxslərə satmayıb”.